QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Azərbaycan Mətbuat Şurasının sədri Vüqar Zifəroğlu sosial şəbəkələrdə yayılan saxta məlumatlar və manipulyativ paylaşımlar qarşısında jurnalistikanın prinsipial mövqe sərgiləməsinin vacibliyini bildirib.
O, bu fikirləri “Azərbaycançılıq ideyası: media fəaliyyəti və yeni dövrün çağırışları” mövzusunda keçirilən dəyirmi masada jurnalistlərə açıqlamasında səsləndirib. Zifəroğlunun sözlərinə görə, Azərbaycançılıq ideologiyası dövlətçiliyin əsas prinsiplərindəndir və informasiya müharibəsi şəraitində onun qorunması, təbliği xüsusi əhəmiyyət daşıyır.
Şura sədri qeyd edib ki, informasiya müharibəsinin hədəfləri sırasında milli-mənəvi dəyərlər və ideoloji prinsiplər də yer alır. Buna görə cəmiyyətin Azərbaycançılıq ideyası ətrafında birləşməsi və onun əsas müddəalarını dərindən mənimsəməsi vacibdir.
Zifəroğlu media və jurnalistlərin bu sahədə mühüm məsuliyyət daşıdığını vurğulayıb. O bildirib ki, Azərbaycana qarşı kampaniyalar və sosial şəbəkələrdə yayılan saxta xəbərlər fonunda peşəkar media daha həssas və prinsipial davranmalıdır. Media, onun fikrincə, təkcə məlumat ötürən vasitə deyil, cəmiyyətə təsir edən sosial-siyasi institutdur.
O, Azərbaycançılıq ideologiyasının təbliğinin, milli-mənəvi dəyərlərin qorunmasının və gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsinin diqqətdə saxlanılmasını vacib sayıb. Həmçinin orta məktəblərdə media savadlılığının tədrisinə ehtiyac olduğunu bildirib.
Zifəroğlu əlavə edib ki, son bir ayda sosial mediada müxtəlif mövzularda manipulyasiyaların və Azərbaycana qarşı kampaniyaların müşahidə olunması jurnalistlərin bu məsələlərə daha həssas yanaşmasını tələb edir.