QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, Baş nazir Əli Əsədov “Gənclərin çağırışaqədərki hazırlığı haqqında Əsasnamə”ni təsdiqləyən qərar imzalayıb. Yeni sənədlə Nazirlər Kabinetinin 1998-ci il 29 may tarixli 119 nömrəli qərarı qüvvədən düşüb.

Ümumi təhsil, peşə və orta ixtisas məktəblərində çağırışaqədərki hazırlıq dərsləri yeni qaydalarla dövlət əhəmiyyətli fənn kimi keçiriləcək. Ənənəvi hərbi və mülki müdafiə mövzularına pilotsuz uçuş aparatları, süni intellekt texnologiyaları, elektron mühafizə və kibertəhlükəsizlik üzrə nəzəri və praktiki təlimlər də əlavə olunacaq. Metodiki rəhbərliyi Elm və Təhsil Nazirliyi həyata keçirəcək, tədris zamanı gənclərdə Vətənin müdafiəsinin konstitusion borc olduğu düşüncəsi formalaşdırılacaq.

Hazırlığa nəzarətdə Elm və Təhsil Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, digər aidiyyəti qurumlar, bələdiyyələr və məktəblər iştirak edəcək. Yeni dərslik və tədris vəsaitləri Müdafiə, Səhiyyə və Fövqəladə Hallar nazirlikləri, eləcə də Səfərbərlik Xidməti ilə razılaşdırılaraq hazırlanacaq. Birgə təşkilatçılıqla hərbi-idman oyunları, dərsdənkənar tədbirlər, dövlət tibb müəssisələrində tibbi-sanitariya təlimləri və tədris-metodiki filmlərin nümayişi nəzərdə tutulur.

Məktəb direktorları fənnin lazımi səviyyədə tədrisinə, təlim üçün nəzərdə tutulan silah və sursatın qorunmasına, eləcə də onların uçotunun rübdə ən azı bir dəfə yoxlanmasına cavabdeh olacaqlar. Çağırışaqədərki hazırlıq rəhbərləri dərs və dərnəkləri aparmaqla yanaşı, silah-sursatın mövcudluğunu ayda minimum bir dəfə yoxlayacaq, gənclərin hərbi ixtisaslara yönəlməsinə və ilkin hərbi qeydiyyat işlərinə kömək edəcəklər. Onların iş saatları və dərs yükü fərdi plana əsasən müəyyənləşdiriləcək. Rəhbər məktəbdə yalnız dərnək rəhbəri kimi də işləyə bilər.

Dərslər dövlət təhsil standartlarına uyğun planlarla nəzəri və praktiki hissələr şəklində keçiriləcək, qızlar və oğlanlar birlikdə iştirak edəcəklər. İntizamı və təhsil göstəriciləri ilə fərqlənən şagirdlər arasından hər sinif və ya qrup üçün manqa və taqım komandirləri seçiləcək. Həqiqi hərbi xidmət keçmiş, yaxud əvvəlki təhsil pilləsində proqramı tam mənimsəmiş şəxslər yeni təhsil müəssisəsində bu hazırlığa cəlb edilməyəcək. Tədris ilinin sonunda hərbi-idman tədbirləri keçiriləcək.

Hazırlıq rəhbərlərini direktor Səfərbərlik Xidmətinin yerli qurumları ilə razılaşdıraraq vəzifəyə təyin edəcək. Namizədlər, əsasən, ehtiyatda və ya istefada olan zabitlər, uyğun ixtisas üzrə ali təhsili və hərbi xidmət təcrübəsi olan şəxslər, müharibə veteranı hərbi vəzifəlilər arasından seçiləcək. Ehtiyac yaranarsa, gizir, miçman və çavuşlar da bu vəzifəyə namizəd ola bilərlər. Qanunvericilikdə göstərilən mənfi əsaslarla ehtiyata göndərilən və ya qanunla müvafiq məhdudiyyət qoyulan şəxslərin təyinatına yol verilməyəcək. Pedaqoji təhsili olmayan namizədlər üçün xüsusi kurslar təşkil ediləcək.

Rəhbərlərin hərbi və pedaqoji biliklərinin artırılması məqsədilə Səfərbərlik Xidməti, aidiyyəti qurumlar və Milli Müdafiə Universiteti ixtisasartırma kursları və seminarlar keçirəcək. Hər tədris ilinin başlanğıcında beşgünlük tədris-metodiki təlim, qış tətilində üçgünlük seminar, ayın son cümə günü isə məşğələlər təşkil olunacaq. Metodiki işlərə və maddi-tədris bazasının yaxşılaşdırılmasına hazırlıq rəhbərləri üçün həftədə bir iş günü ayrılacaq.

Məktəblər Müdafiə Sənayesi Nazirliyinin qurumları ilə bağlanacaq müqavilələr əsasında təlim silahları və sursat, fərdi mühafizə vasitələri, kimyəvi və radiasiya kəşfiyyatı cihazları, sanitar çanta və xərəklərlə təmin olunacaq. Təhsil müəssisələri aidiyyəti qurumların müraciəti əsasında Müdafiə Nazirliyinin atıcılıq tirlərindən və poliqonlarından ödənişsiz yararlana biləcəklər. Tədris bazasına xüsusi kabinet, silah-sursat otağı, sıra hazırlığı meydançası və naryad təlim sahəsi daxil ediləcək. Bu kabinetlərdə digər fənlərin keçirilməsi qadağan olunacaq.