QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Azərbaycanda ali məktəblərdə qiyabi təhsilin mərhələli şəkildə distant formaya keçirilməsi nəzərdən keçirilir. Bu dəyişiklik işləyən və ənənəvi qaydada təhsil almaq imkanı olmayan şəxslərin ali təhsil əldə etməsinə şərait yarada bilər.

Təhsil eksperti Elçin Əfəndi bildirib ki, qiyabi təhsilin yerini tədricən distant təhsil modeli tuta bilər. Onun sözlərinə görə, Azərbaycan qanunvericiliyində əyani və qiyabi təhsillə bərabər distant forma da nəzərdə tutulub, amma bu model ölkədə hələ geniş və müntəzəm tətbiqini tapmayıb.

Əfəndi qeyd edib ki, xaricdə distant qaydada alınan ali təhsil üzrə kvalifikasiyaların tanınmasında da məhdudiyyətlər var. Azərbaycanda bu təhsil formasından əsasən pandemiya vaxtı və bəzi fövqəladə vəziyyətlərdə qısa müddət istifadə olunub.

Ekspert distant modelin işləyənlər, evdar xanımlar və müxtəlif səbəblərlə ənənəvi tədrisə qatıla bilməyənlər üçün ali təhsil imkanlarını artıra biləcəyini deyib. O, yaxın illərdə ali məktəblərə distant təhsil üzrə tələbə qəbulunun başlaya biləcəyini ehtimal edir.

Əfəndinin vurğuladığına görə, geniş tətbiqə keçməzdən əvvəl universitetlərin maddi-texniki imkanları yaxşılaşdırılmalı, rəqəmsal infrastruktur qurulmalı və keyfiyyətli internetə çıxış təmin edilməlidir. Ekspert distant təhsilin geniş miqyasda tətbiqinin bu şərtlər yerinə yetirildikdən sonra mümkün olacağını bildirib.