QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, İran ABŞ-la sülh danışıqlarının bərpası üçün irəli sürdüyü müddəti yeddi gündən iki günə endirib. Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi məlumat verib.
“Əl-Ərəbiyyə”nin mənbələrə əsaslanan məlumatına görə, Vaşinqton Tehranla razılıq əldə ediləcəyi təqdirdə, dəyəri 9 milyard dollara çatan İran aktivlərinin dondurulmasını aradan qaldırmağı nəzərdən keçirir. Telekanal ABŞ və İran arasında ciddi danışıqların yenidən başladığını, mümkün razılaşmanın isə İranın uranı zənginləşdirmə səviyyəsinin aşağı salınmasını nəzərdə tuta biləcəyini bildirib.
Politoloq Natiq Miri hesab edir ki, müddətin yeddi gündən iki günə endirilməsi Tehranı güzəştə gedən tərəf kimi göstərmək məqsədi daşıyır. Onun sözlərinə görə, İran daha əvvəl ABŞ öhdəliklərini yerinə yetirəcəyi halda Hörmüz boğazını tam açacağını və nüvə məsələsini müzakirəyə çıxaracağını bəyan etmişdi.
Miri bildirib ki, yeni təklif çərçivəsində İran razılaşma əldə edilən iki gün ərzində boğazın açılmasını, bunun əvəzində isə dəniz blokadasının götürülməsini və dondurulmuş aktivlərin bir hissəsinin qaytarılmasını istəyir. Tehran, həmçinin bütün ərazilərdə hərbi əməliyyatların dayandırılmasını tələb edir. Politoloqun fikrincə, bu şərtlər güzəşt təsiri bağışlasa da, İranın hazırkı çətinliklərdən çıxmasına imkan yarada bilər.
Ekspert İranın dondurulmuş vəsaitlərə, neft satışına tətbiq olunan sanksiyaların ləğvinə və dəniz blokadasının qaldırılmasına ehtiyacı olduğunu vurğulayıb. O, quru marşrutları, o cümlədən Xəzər dənizi vasitəsilə ticarət və silah daşınmasının qarşısını almaq məqsədilə İşçi Qrupunun yaradıldığını və bu amillərin Tehranın güzəştə getməsinə təsir etdiyini qeyd edib.
Miri ABŞ-nin İranın bütün dondurulmuş aktivlərini birdəfəlik açacağını gözləmir. Onun qənaətinə görə, bu, mərhələli proses olacaq və İran üzərinə götürdüyü öhdəlikləri yerinə yetirdikcə həyata keçiriləcək.
Politoloq əsas çətinliyin nüvə məsələsi olduğunu deyib. O bildirib ki, Trampın istəkləri tam reallaşmayıb, çünki Tehran 60 faizə qədər zənginləşdirilmiş uranın ABŞ-yə verilməsinə hələ də razı deyil. Danışıqlarda nüvə zənginləşdirilməsinin yalnız mülki məqsədlər üçün yararlı səviyyədə aparılması müzakirə oluna bilər. Bunun mümkünlüyü Beynəlxalq Atom Agentliyi ilə əməkdaşlıqdan və bütün nüvə mərkəzlərinin agentliyin yoxlamalarına açılmasından asılıdır.
Miri İranın sərt bəyanatlarına baxmayaraq, yeni qarşıdurmadan çəkindiyini düşünür. Onun sözlərinə görə, növbəti hərbi əməliyyatlar ölkəni onilliklər geriyə sala, nüvə mərkəzlərini isə tamamilə məhv edə bilər. Politoloq Prezident Pezeşkianın timsalında İranın danışıqlar yolu ilə dağıdıcı müharibədən yayınmağa çalışdığını, mövcud “nə müharibə, nə də sülh” vəziyyətindən çıxışın isə razılaşma və sövdələşmədən keçdiyini bildirib.