QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Rusiyanın Baş Kəşfiyyat İdarəsinin rəisi, admiral İqor Kostyukovun rəhbərlik etdiyi yüksəkvəzifəli nümayəndə heyəti İsrailə səfər edib. Onlar Rusiyaya məxsus “Tu-154M” hərbi təyyarəsi ilə ölkəyə gəliblər.

Moskva vilayətində yerləşən Çkalovsk hərbi aerodromundan qalxan təyyarə noyabrın 9-u axşam Ben-Qurion hava limanına enib. İsrail və Rusiya rəsmiləri səfərlə bağlı indiyədək rəsmi açıqlama yaymayıblar.

Təyyarə 2023-cü ildən ABŞ-nin sanksiyaları altındadır. Məhdudiyyətlər onun “Vaqner” özəl hərbi şirkətinin fəaliyyəti ilə mümkün əlaqələrinə görə tətbiq edilib.

Kostyukovun İsrailə səfərinin məqsədi açıqlanmayıb. Səfərin İran ətrafındakı gərginliyin və regionda mümkün eskalasiyanın yaşandığı vaxta təsadüf etdiyi bildirilir.

İsraildə qısa müddət qaldıqdan sonra Rusiya təyyarəsi Əbu-Dabiyə uçub. Orada Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başlayıb. Kostyukovun Rusiyanın danışıqlar aparan nümayəndə heyətində yer aldığı qeyd olunur.