QafqazNews Yeniavaz.com-a istinadən xəbər verir ki, Əbu-Dabidə Ukrayna, Rusiya və ABŞ nümayəndə heyətləri arasında üçtərəfli danışıqların ilk günü başa çatıb.

Görüş noyabrın 10-da yerli vaxtla saat 12:12-də başlayıb və təxminən dörd saat sürüb. Danışıqlar qapalı qapılar arxasında keçirilib. İlk günün yekunlarına dair məlumat açıqlanmayıb.

Tərəflər müzakirələri noyabrın 11-də davam etdirəcəklər. Danışıqların həmin gün başa çatacağı gözlənilir.

Rusiya nümayəndə heyətinə prezidentin köməkçisi Vladimir Medinski, Ukrayna heyətinə isə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov rəhbərlik edir. ABŞ-ni prezidentin xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşner təmsil edir.

Moskva ilə Kiyev arasındakı münaqişənin həllinə yönələn bu görüş təxminən doqquz aylıq fasilədən sonra üçtərəfli formatda keçirilən ilk danışıqlardır. Tərəflər hərbi əməliyyatların dayandırılması şərtlərini, təhlükəsizlik zəmanətlərini və humanitar məsələləri müzakirə etmək niyyətindədirlər.