QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp İranla müharibə zamanı Vaşinqtonun müdafiə etdiyi dövlətlərdən hərbi əməliyyatlara çəkilən bütün xərcləri ödəməyi tələb edib.

Tramp bunu “CBS News”un “60 Minutes” proqramına müsahibəsində deyib. Onun sözlərinə görə, proses başa çatdıqdan sonra müdafiə olunan ölkələr ABŞ-nin müharibə xərclərini qarşılamalıdır: “Biz olmasaydıq, onlar mövcud olmazdı”.

ABŞ prezidenti İsrailin təhlükəsizliyinin təmin olunmasında ölkəsinin rolunu ayrıca vurğulayıb. “Biz olmasaydıq, İsrail mövcud olmazdı. Donald Tramp olmasaydı, İsrail mövcud olmazdı”, – deyə o bildirib.

Bununla belə, Tramp nə tələb olunan məbləği, nə ödənişi edəcək ölkələri, nə də bunun hansı qaydada həyata keçiriləcəyini açıqlayıb.

Siyasi şərhçi Rufiz Hafizoğlu bəyanatı absurd adlandırıb. O, Körfəz ərəb ölkələrində ABŞ hərbi bazalarının yerləşdiyini, Qətərlə Vaşinqton arasında əməkdaşlıq müqaviləsinin olduğunu xatırladıb. Hafizoğlunun sözlərinə görə, həmin razılaşmanı ilk pozan İsrail olub: Təl-Əvivin HƏMAS-a qarşı keçirdiyi əməliyyat Qətərin suverenliyinə təhdid yaradıb.

Şərhçi bildirib ki, bundan sonra ABŞ Qətərə hücumu Amerikaya hücum kimi qiymətləndirməyi nəzərdə tutan başqa bir saziş imzalayıb. Ardınca İran Qətərin bəzi infrastruktur obyektlərinə zərbə endirsə də, Hafizoğlu həmin vaxt müdafiə tədbirinin görülmədiyini deyib.

Onun fikrincə, qlobal yəhudi lobbisi də Netanyahu hökumətinin ərəb ölkələrinə yönəlmiş siyasətini dəstəkləmir. Hafizoğlu İsrail məsələsinin ABŞ-də ciddi fikir ayrılıqları yaratdığını qeyd edib.

Şərhçi İsrail dövlətinin yarandığı vaxtdan bəri siyasi baxımdan ən zəif mərhələsinə çatdığını düşünür. O bildirib ki, qlobal yəhudi lobbisi hazırkı şəraitdə İsrailin qonşuları ilə normal münasibət qura bilməyəcəyini görür və ölkənin müdafiəsi əlavə yükə çevrilib. Hafizoğlunun sözlərinə görə, İsraildəki radikal millətçi və dini qüvvələr isə bunu anlamırlar.

Hafizoğlu hesab edir ki, nə İsrail, nə də ərəb ölkələri Trampın tələb etdiyi vəsaiti ödəyəcək. O, ərəb dövlətlərinin ABŞ qarşısında faktiki borcunun olmadığını, İsrailin də indiyədək Vaşinqtona milyardlarla vəsait qaytarmadığını bildirib.