QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, rusiyalı MMA döyüşçüsü Usman Nurməhəmmədov Əbu-Dabidə Merab Dvalişvili ilə yaşanan insidentə görə altı ay müddətinə azadlıqdan məhrum edilib.

Gürcüstanın Birinci Kanalının yaydığı məlumata əsasən, Nurməhəmmədovu müşayiət edən şəxslərdən biri də eyni həcmdə həbs cəzası alıb. Məhkəmə iclasında olan şəxslərin tanışının verdiyi məlumata görə, onların hər ikisi 300 min dirhəm, yəni 81 min dollardan artıq məbləğdə cərimələnib.

Merab Dvalişvili və dostu Saba Lazişvili həbs olunmayıblar. Hadisənin görüntülərini paylaşdıqları üçün onların hər birinə 50 min dirhəm (təxminən 13 600 dollar) cərimə tətbiq edildiyi bildirilir.

Saba Lazişvilinin qardaşı Zviad daha əvvəl Merab və Sabanın noyabrın 13-də azadlığa çıxacağını açıqlamışdı. Gürcüstanlı idmançıların cərimələrinin RAF güləş turnirinin təşkilatçısı tərəfindən ödənə biləcəyi ehtimal edilir.

Hadisə noyabrın 11-də Əbu-Dabidə yerləşən hotellərdən birinin foyesində qeydə alınıb. Müsahibə verən Dvalişviliyə yaxınlaşan Usman Nurməhəmmədov onu vurub. Ardınca idmançıları müşayiət edən şəxslər arasında kütləvi dava düşüb.

Əbu-Dabi polisi insidentlə əlaqədar 10 nəfərin saxlanıldığını bildirib. Səkkiz nəfər davada iştirak etməkdə, daha iki nəfər isə hadisəni lentə almaqda şübhəli bilinib. İş prokurorluğa göndərilib.