QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Almaniyanın BMW şirkəti hidrogen yanacaq elementlərindən istifadə edən yeni avtomobilini seriyalı istehsala hazırlayır. BMW iX5 Hydrogen modelinin istehsalına 2028-ci ildə başlanması nəzərdə tutulur; avtomobil bir dolumla 750 kilometrədək məsafə qət edə və beş dəqiqədən az müddətdə yanacaqla təmin oluna bilər.

Model adi elektrik avtomobillərindən fərqli olaraq hidrogen hesabına enerji istehsal edir. Yanacaq elementlərində hidrogen havadakı oksigenlə birləşərək elektrik yaradır, bu enerji isə mühərriki işə salır. Proses nəticəsində əsasən su əmələ gəlir.

BMW-nin açıqlamasına görə, yanacaq sistemində yeddi kiloqramdan artıq hidrogen yerləşdirmək mümkün olacaq. WLTP ölçmə qaydalarına əsasən, bu ehtiyatla avtomobilin yürüş məsafəsinin 750 kilometrədək olması planlaşdırılır. Çənin beş dəqiqədən qısa müddətə doldurulması da modelin xüsusiyyətləri sırasındadır.

Texnologiya Yaponiyanın Toyota şirkəti ilə birgə hazırlanıb. Hidrogen yanacaq elementlərinin üçüncü nəsil sistemi əvvəlki variantdan təxminən 25 faiz az yer tutur.

Hidrogenlə işləyən avtomobillərin daha geniş istifadəsinə mane olan amillərdən biri yanacaq doldurma məntəqələrinin azlığıdır. Bu nəqliyyat vasitələri üçün xüsusi avadanlıqlı stansiyalar lazımdır və belə infrastrukturun qurulması yüksək investisiya tələb edir.

BMW iX5 Hydrogen hazırda müxtəlif yol və iqlim şəraitlərində sınaqdan keçirilir. Şirkət modelin seriyalı istehsalına 2028-ci ildə başlamaq niyyətindədir.