QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, “Ən-Nəsr”in 41 yaşlı hücumçusu Kriştianu Ronaldunun iştirakı ilə çəkiləcək “Day 1s” serialının istehsalına start verilib.
Portuqaliyalı futbolçu çəkilişlərin başladığını Instagram hesabında açıqlayıb. O, çəkiliş meydançasından görüntülər və layihənin prodüseri Metyu Vonla çəkdirdiyi fotonu paylaşıb.
Serial Britaniya futbolunun pərdəarxasında cərəyan edəcək. Süjet uydurma futbol agenti Stenli Daltonun ətrafında qurulub. Bu rolu “Homeland” və “Billions” seriallarından tanınan Demiyen Lyuis oynayacaq.
Aktyorlar arasında Fransanın keçmiş futbolçusu Tyerri Anri və britaniyalı reper Deyv də var. Ronaldu ekran işində aktyor kimi görünməklə yanaşı, Metyu Vonla birlikdə yaratdığı “UR-Marv Studios” şirkəti vasitəsilə icraçı prodüserlik edəcək.
“Day 1s”in nə vaxt yayımlanacağı və hansı platformada nümayiş etdiriləcəyi hələ açıqlanmayıb.