QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Azərbaycan kikboksçusu Eduard Məmmədov Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən Avropa çempionatını iki qızıl medalla başa vurub.
Noyabrın 7-dən 14-dək davam edən WAKO versiyası üzrə yarışda Məmmədov “Master Class” kateqoriyasının 63 kiloqram çəki dərəcəsində iki üslubda çıxış edib.
O, “Light Contact” üzrə finalda Portuqaliya təmsilçisi Emanuel Kortesi məğlub edib. “Kick Light” yarışında isə Macarıstan idmançısı Marton Hası və İtaliya təmsilçisi Alessandro La Mantianı üstələyərək qızıl medal qazanıb.
Bu nəticə ilə Eduard Məmmədov karyerasında 13-cü dəfə Avropa çempionu olub.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin İdman-təlim şöbəsinin rəisi, polis polkovniki Məmmədov dəfələrlə dünya və Avropa çempionu adını qazanıb. O, qələbələrini şəhidlərin xatirəsinə həsr etdiyini bildirib.