QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Lənkəranda 73 yaşlı kişi həyat yoldaşına xəsarət yetirdiyinə görə cinayət məsuliyyətindən azad olunub.

Hadisə rayonun kəndlərindən birində baş verib. İstintaq materiallarında göstərilir ki, 1953-cü il təvəllüdlü Tahir (ad şərtidir) birgə yaşadığı evin ikinci mərtəbəsində yerləşən yataq otağında həyat yoldaşı Səmayə (ad şərtidir) ilə mübahisə edib.

Ailə-məişət zəminində baş verən mübahisə zamanı Tahir arvadına bir neçə dəfə yumruqla zərbə vuraraq xəsarət yetirib. Ona Cinayət Məcəlləsinin 128-ci maddəsi, yəni qəsdən sağlamlığa zərər vurma ilə bağlı ittiham irəli sürülüb.

Məhkəmədə təqsirləndirilən şəxs ittihamı qəbul etdiyini, zərərçəkmişlə barışdığını və dəymiş ziyanı tam ödədiyini bildirib. Səmayə də əri ilə barışdığını, ona qarşı şikayətinin və tələbinin olmadığını söyləyib.

Lənkəran Rayon Məhkəməsinin hökmü ilə Tahir Cinayət Məcəlləsinin 73.2-ci, eləcə də Cinayət-Prosessual Məcəlləsinin 40.3 və 305.1-ci maddələri əsasında cinayət məsuliyyətindən azad edilib. Cinayət işi üzrə icraata xitam verilib.