QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Bakının Yasamal rayonunda həyat yoldaşına xəsarət yetirməkdə təqsirləndirilən 71 yaşlı kişi cinayət məsuliyyətindən azad olunub.

Hadisə yanvarın 27-də, səhər saat 08:00 radələrində baş verib. Bakı sakini, 1955-ci il təvəllüdlü Abbas yaşadığı mənzildə arvadı Südabə ilə mübahisə edib. Adlar şərti göstərilib.

İstintaq materiallarına əsasən, şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı Abbas sağ əli ilə Südabənin sol üzünə bir dəfə zərbə endirib. Qadın müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Abbas barəsində Cinayət Məcəlləsinin qəsdən sağlamlığa zərər vurmanı nəzərdə tutan 128-ci maddəsi ilə ittiham irəli sürülüb. Cinayət işi Yasamal Rayon Məhkəməsinə göndərilib.

Məhkəmədə təqsirləndirilən şəxs ittihamı qəbul etdiyini və zərərçəkmişə dəymiş ziyanı tam ödədiyini bildirib. Südabə də onun dediklərini təsdiqləyərək əri ilə barışdığını, şikayət və tələbinin olmadığını deyib.

Yasamal Rayon Məhkəməsi Cinayət Məcəlləsinin 73.2-ci maddəsini tətbiq edib. Abbas cinayət məsuliyyətindən azad olunub, iş üzrə icraata xitam verilib.