QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi Pirşağı qəsəbəsində baş vermiş qəza nəticəsində atasının ölümünə səbəb olan sürücüyə verilən həbs cəzasını şərti tətbiq edib.
Qərar 2025-ci il iyulun 13-də baş vermiş hadisə ilə bağlı hökmə verilən apellyasiya şikayətlərinə baxıldıqdan sonra qəbul olunub. Sürücü yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan bir nəfərin ölümünə, dörd nəfərin isə müxtəlif xəsarətlər almasına səbəb olmaqda təqsirli bilinib.
İş materiallarına görə, qəza həmin gün saat 22:10 radələrində Bakı şəhərinin Sabunçu rayonunda, Mehdiabad–Pirşağı şossesində qeydə alınıb. “Kia Rio” markalı avtomobilin sürücüsü yaşayış məntəqəsində icazə verilən 60 km/saat həddini aşaraq 90–100 km/saat sürətlə gedib. Qarşısındakı “Hyundai Santa Fe”ni ötmək istəyərkən bütöv xətt tələbini pozaraq əks zolağa keçib.
Bu zaman “Kia Rio” qarşıdan gələn “Skoda Rapid”lə toqquşub, ardınca yol kənarındakı elektrik dirəyinə çırpılıb. “Kia Rio”da sərnişin olan sürücünün atası ağır xəsarətlərdən ölüb. Həmin avtomobildəki daha iki sərnişinə ağır, “Skoda Rapid”in sürücüsü və sərnişininə isə az ağır xəsarətlər dəyib.
Məhkəmə-yol-nəqliyyat ekspertizası sürücünün qaydaları pozduğunu və qəzanın qarşısını almaq üçün texniki imkanının olduğunu müəyyən edib.
Sabunçu Rayon Məhkəməsi Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinən şəxsi 3 il 6 ay müddətinə azadlıqdan məhrum edib, həmçinin iki il nəqliyyat vasitəsi idarə etmək hüququndan məhrumetmə cəzası verib.
Məhkum, zərərçəkmiş şəxsin hüquqi varisi və daha iki zərərçəkmiş şəxs cəzanın yüngülləşdirilməsi və Cinayət Məcəlləsinin 70-ci maddəsinə uyğun olaraq şərti cəza verilməsi barədə apellyasiya şikayəti təqdim ediblər. Şikayətlərdə məhkumun peşman olduğu, zərərçəkənlərlə barışdığı və vurduğu ziyanı ödədiyi bildirilib. Zərərçəkmişlər məhkuma qarşı tələb və şikayətlərinin olmadığını, onun həbs edilməsini istəmədiklərini qeyd ediblər.
Məhkəməyə həmçinin atasını itirən məhkumun ailənin yeganə gəlir əldə edən üzvü olduğu və onun həbsinin ailənin maddi durumuna ciddi təsir göstərəcəyi çatdırılıb.
Bakı Apellyasiya Məhkəməsi təqsirlilik barədə birinci instansiyanın nəticəsini qanuni və əsaslı sayıb. Kollegiya cinayətin xarakteri və təhlükəlilik dərəcəsi ilə yanaşı, təqsirkarın şəxsiyyətinin, yüngülləşdirici və ağırlaşdırıcı halların, cəzanın islah prosesinə və ailənin yaşayışına təsirinin nəzərə alınmalı olduğunu vurğulayıb.
Məhkumun əvvəllər məhkum olunmaması, təsadüfi şəraitdə az ağır cinayət törətməsi, zərərçəkənlər və hüquqi varislə barışması, eləcə də cəzanı ağırlaşdıran halların aşkar edilməməsi nəzərə alınıb. Məhkəmə onun həbs cəzasını real çəkmədən də islah oluna biləcəyi qənaətinə gəlib.
Apellyasiya şikayətləri təmin edilərək hökmün cəza ilə bağlı hissəsi dəyişdirilib. Sürücüyə verilmiş 3 il 6 aylıq azadlıqdan məhrumetmə cəzası iki il sınaq müddəti ilə şərti hesab olunub.