QafqazNews Yeniavaz.com-a istinadən xəbər verir ki, 2026-cı ilin ilk on ayında Azərbaycanda istehlak qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 5,6 faiz yüksəlib. Qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları 6,8 faiz, qeyri-qida məhsulları 3,7 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər isə 5,4 faiz bahalaşıb.
Oktyabrda istehlak qiymətləri əvvəlki ayla müqayisədə 0,3 faiz, 2025-ci ilin oktyabrına nisbətən isə 5,2 faiz artıb. Həmin ay qida məhsulları, alkoqollu içkilər və tütün məmulatlarının qiyməti sentyabrla müqayisədə 0,6 faiz, ötən ilin müvafiq ayına görə 6,7 faiz yüksəlib.
Oktyabrda bahalaşan ərzaqlar arasında qarabaşaq yarması, mal və qoyun əti, toyuq əti və filesi, dondurulmuş balıq, yumurta, armud, xurma, brokkoli, xiyar, pomidor, şirin bibər, badımcan, yerkökü, baş soğan, kartof və kakao tozu olub.
Bununla yanaşı, yumru düyü, makaron, təzə balıq, limon, naringi, banan, alma, kivi, nar, üzüm, qoz, fındıq, şabalıd, ağ kələm, göyərti, balqabaq, göy lobya, süfrə çuğunduru, şəkər tozu və müxtəlif içlikli şokoladlı konfetlər ucuzlaşıb.