QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva COP31 çərçivəsində BMT qurumlarının nümayəndələri ilə görüşlər keçirib. O, Ümumdünya Səhiyyə Təşkilatının, BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) və Ümumdünya Meteorologiya Təşkilatının təmsilçiləri ilə təmasları barədə sosial şəbəkə hesabında paylaşım edib.

Noyabrın 12-də IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva UN-Habitat-ın Şərqi Avropa və Mərkəzi Asiya üzrə Regional Ofisinin direktoru Erfan Ali ilə bir araya gəlib. Söhbət zamanı Azərbaycanın dayanıqlı şəhərsalma, ətraf mühitin qorunması və iqlim dəyişikliklərinə uyğunlaşma sahəsində gördüyü işlər diqqətə çatdırılıb. IDEA-nın şəhər mühitinin yaxşılaşdırılması, yaşıllıqların artırılması və ekoloji maarifləndirmə ilə bağlı layihələri də təqdim olunub.

Tərəflər sahilyanı şəhərlərin iqlimə davamlılığını artırmaq, əlaqակց riskləri qiymətləndirmək və şəhərsalma qərarlarında ekoloji amilləri nəzərə almaq məsələlərini müzakirə ediblər. IDEA ilə UN-Habitat arasında şəhərlərin yaşıllaşdırılması, dayanıqlı yaşayış məkanlarının qurulması və iqlim dəyişikliklərinə uyğunlaşma üzrə mümkün əməkdaşlıq, o cümlədən ortaq təşəbbüslər barədə fikir mübadiləsi aparılıb.

Həmin gün Leyla Əliyeva Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) Baş katibi Celeste Saulo ilə də görüşüb. Müzakirədə iqlim dəyişikliyinin təsirlərinin qiymətləndirilməsi, meteoroloji müşahidələrin yaxşılaşdırılması və elmi məlumatlardan səmərəli yararlanma mövzuları nəzərdən keçirilib.

Görüşdə Azərbaycanda iqlim monitorinqinin gücləndirilməsi, müasir texnologiyalardan istifadə və iqlim hadisələri üzrə erkən xəbərdarlıq sistemlərinin inkişafı məsələlərinin əhəmiyyəti vurğulanıb. Xəzər dənizinin səviyyəsindəki dəyişikliklərin elmi araşdırılması və bu sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi imkanları da müzakirə mövzusu olub.

Dəniz səviyyəsindəki dəyişikliklərin daha ətraflı öyrənilməsi üçün uzunmüddətli iqlim müşahidələrinin, meteoroloji məlumatların və külək rejiminə dair göstəricilərin birgə təhlili perspektivlərinə toxunulub. Bundan başqa, IDEA ilə ÜMT-nin Azərbaycanda gənc tədqiqatçıların iqlim araşdırmaları üzrə bilik və bacarıqlarının artırılması, beynəlxalq təcrübə mübadiləsi və təlim proqramlarının təşkili istiqamətində əməkdaşlıq imkanları nəzərdən keçirilib.