QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Milli Məclisin deputatı Elman Nəsirov İrəvandakı Göy məscidin mərasim zalına erməni şairi Yeğişe Çarentsin adının verilməsini abidənin tarixi və dini kimliyinə təhlükə yaradan addım kimi qiymətləndirib.

Deputat bildirib ki, noyabrın 9-da baş tutan advermə mərasimi məscidin kimliyinin qorunması ilə bağlı ciddi suallar doğurur. Onun sözlərinə görə, mədəni irs siyasi məqsədlər üçün yenidən yozulmamalıdır.

Nəsirov abidənin Ermənistan ərazisində yerləşdiyini xatırladaraq, onun tarixi və dini təyinatını, həmçinin memarlıq bütövlüyünü qorumağın Ermənistan dövlətinin birbaşa məsuliyyəti olduğunu qeyd edib. O, İranın da məsuliyyət daşıdığını deyib: ölkənin vitse-prezidenti advermə tədbirində iştirak edib və lövhənin açılışında çıxış edib.

Deputatın fikrincə, bu iştirak məscidlə bağlı siyasi legitimlik təəssüratı yaratmağa yönəlib. O, özünü İslam dünyasının müdafiəçisi kimi təqdim edən rəsmi Tehranın müsəlman dini abidəsinin tarixi kimliyinə belə yanaşmasını qəbuledilməz adlandırıb.

Nəsirov Göy məscidin kimliyinin qorunması məsələsinin beynəlxalq mədəni irs gündəliyinə daxil edilməsinin vacibliyini vurğulayıb. O, söhbətin yalnız məsciddən deyil, xalqın tarixi yaddaşına və mədəni irsinə münasibətdən getdiyini bildirib.

Deputatın qeyd etdiyi kimi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi noyabrın 11-də yaydığı bəyanatda mərasim zalına Çarentsin adının verilməsini tarixi-mədəni irsin təhrif edilməsi və sülh səylərinə qarşı təxribat kimi qiymətləndirib. Qafqaz Müsəlmanları İdarəsi də buna etiraz edərək addımı Azərbaycanın dini-mədəni irsinə hörmətsizlik sayıb.

Nəsirov Ermənistan qarşısında tarixi abidənin dini və mədəni kimliyinin qorunması tələbinin qoyulmasını, İran tərəfinə diplomatik kanallarla etiraz bildirilib izahat istənilməsini təklif edib. O, xüsusilə İran vitse-prezidentinin mərasimdə iştirakına aydınlıq gətirilməli olduğunu deyib.

Deputat məsələni UNESCO və başqa beynəlxalq mədəni irs platformalarında qaldırmağı da zəruri hesab edib. Onun qənaətincə, bu, oxşar halların təkrarlanmasının qarşısını almağa kömək edə bilər. Nəsirov hadisənin kövrək sülh prosesinə zərbə vura biləcəyini də bildirib.