QafqazNews Manset.az-a istinadən xəbər verir ki, ümumtəhsil məktəblərində psixoloqların işinin təkmilləşdirilməsi və onlara rəsmi dərs saatlarının ayrılması müzakirə edilir. Şagirdlərin psixoloji rifahı, təhlükəsiz məktəb mühiti və sağlam inkişafı təhsilin keyfiyyətinin yüksəldilməsi ilə yanaşı diqqət mərkəzindədir.
Deputat Ceyhun Məmmədov bildirib ki, psixologiya ayrıca fənn kimi nəzərdə tutulursa, əvvəlcə onun proqramı hazırlanmalıdır. Onun sözlərinə görə, məktəb psixoloqlarının əsas işi uşaqlara psixoloji dəstək göstərməkdir, dərs aparmaq isə ciddi hazırlıq tələb edir.
Məmmədov qərar və proqram hazırlanarkən tələsməməyin vacibliyini vurğulayıb. O qeyd edib ki, dərslərin şagirdlərin tədris yükünə təsiri nəzərə alınmalı, psixoloqlara dərs saatı verilməzdən əvvəl müvafiq təlimlər keçirilməlidir. Bu məsələlər həll edilmədən addım atılacağı təqdirdə təhsildə problemlər yarana bilər.
Təhsil eksperti Elçin Əfəndi isə dərs saatı tətbiq etmək mümkün olmasa belə, məktəblərdə psixologiya üzrə inkişaf mərkəzlərinin yaradılmasını təklif edib. Onun fikrincə, psixoloqların dərslərində yaş və uşaq psixologiyası, düzgün ünsiyyət qurmaq, eləcə də etik davranış qaydaları kimi mövzular yer ala bilər. Məktəblərdə psixologiya inkişafı və ya reabilitasiyası üzrə mərkəzlərin yaradılması da mümkündür.
Əfəndi məktəblərdə psixoloqlarla bağlı ciddi çətinliklərin olduğunu bildirib. O, xüsusilə bölgələrdə vəziyyətin qənaətbəxş olmadığını, bəzi məktəblərdə psixoloq olmadığını, bəzi vakant yerlərdə isə psixologiya təhsili olmayan şəxslərin çalışdığını deyib. Ekspert bunu yolverilməz hal adlandıraraq növbəti mərhələdə dərin islahat aparılmasının vacibliyini qeyd edib.