QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Brüssel Azərbaycan Evində Zəfər Günü münasibətilə bayram tədbiri təşkil olunub. İştirakçılar Belçikanın müxtəlif şəhərlərində yaşayan Azərbaycan icmasının üzvləri və ölkədə təhsil alan tələbələr olub.

Azərbaycan Evinin təşkil etdiyi tədbir Azərbaycanın Belçikadakı səfirliyinin dəstəyi ilə keçirilib.

Çıxış edənlər həmvətənləri Zəfər Günü münasibətilə təbrik edib, 44 günlük Vətən müharibəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun əldə etdiyi qələbənin tarixi önəmini vurğulayıblar.

Natiqlər bildiriblər ki, müharibə və qələbə milli birlik, həmrəylik və Vətənə bağlılığın ifadəsi kimi Azərbaycan tarixində xüsusi yer tutur.

Tədbirdə Azərbaycanın Belçikadakı səfirliyinin birinci katibi Emin Rüstəmov, MADANİ platformasının rəhbəri Emin Əliyev, “FireLand” Azərbaycanlılar Birliyinin sədri İlahə Tağıyeva, BUTAM Azərbaycan Mədəniyyət Assosiasiyasının sədri Yasəmən Abbasi, İRS Azərbaycan Belçika Tələbə Assosiasiyasının həmsədri Nurlana Veysova və digər şəxslər çıxış ediblər.

Xarici ölkələrdə yaşayan soydaşlarımız Zəfər Gününü hər il qürur və sevinc, eləcə də ruh yüksəkliyi ilə qeyd edirlər.

Tədbir çərçivəsində Mədəniyyət Nazirliyi və Kino Agentliyinin maliyyə dəstəyi ilə çəkilmiş “Torpağı sanı yaşayasan” bədii qısametrajlı filmi nümayiş olunub. Sonda vətənpərvərlik ruhunda musiqilər səsləndirilib.