QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Bakı Dövlət Universitetinin (BDU) rektoru Məleykə Abbaszadə yeni təyinatından sonra geniş açıqlama verib. O, Prezident İlham Əliyevə etimada görə təşəkkür edib, Dövlət İmtahan Mərkəzində (DİM) çalışdığı dövrü yada salıb və yeni vəzifəsindəki prioritetlərini bölüşüb.

Abbaszadə BDU rəhbərliyinə gətirilməsini həm şərəf, həm də böyük məsuliyyət hesab etdiyini bildirib. O, ötən gün uzun illər birgə işlədiyi DİM əməkdaşları ilə vidalaşdığını deyib.

“Birlikdə keçirdiyimiz illəri düşünəndə yadıma bu sistemi addım-addım qurduğumuz günlər düşdü. Bəzən bir məsələnin həllini tapmaq üçün səhərə qədər işləyirdik. Bu gün isə o gecələrdə çiyin-çiyinə çalışıb qurduğumuz, hər kəs üçün açıq, şəffaf və əlçatan sistemi ürək rahatlığı ilə həmkarlarıma həvalə edirəm”, – deyə o qeyd edib.

Yeni rektor 1999-cu ildə internet üzərindən vətəndaşlara məlumat verməyə başladıqları vaxtı da xatırladıb. Onun sözlərinə görə, imtahanların şəffaf və əlçatan olması üçün böyük iş görülüb.

Abbaszadə BDU-dakı fəaliyyətinə əvvəlcədən böyük vədlər verməklə başlamaq niyyətində olmadığını vurğulayıb. O, ilk növbədə mövcud vəziyyəti dərindən öyrənməyi, universitet kollektivi ilə açıq və peşəkar ünsiyyət qurmağı, tələbələrin fikirlərini diqqətlə dinləməyi planlaşdırır.

Rektor universitetin qazandığı uğurların qorunmasının vacibliyini qeyd etməklə yanaşı, elmi potensialın artırılmasına, akademik dürüstlüyə və tənqidi düşüncəyə dəstək verilməsinə önəm verəcəyini bildirib.

“İstəyirəm ki, gənclərimiz universitetdə öz suallarını sərbəst verə, fikirlərini açıq deyə və gələcəkləri barədə müstəqil qərar verə bilsinlər. Bundan sonrakı işimdə də bunun üçün əlimdən gələni edəcəyəm”, – deyə Abbaszadə bildirib.

Prezident İlham Əliyevin noyabrın 19-da imzaladığı sərəncamlarla Məleykə Abbaszadə DİM İdarə Heyətinin sədri vəzifəsindən azad edilib və BDU-nun rektoru təyin olunub. O, bu vəzifədə Elçin Babayevi əvəzləyib.