QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, mikro sahibkarlıqdan kiçik sahibkarlıq kateqoriyasına yüksələn müəssisələr əvvəlki il ödədikləri vergilərin tam məbləği qədər güzəşt ala biləcəklər. Bu qayda Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər layihəsində yer alıb.
Layihəyə görə, dövriyyəsi artaraq daha yüksək sahibkarlıq kateqoriyasına daxil olan mikro subyektlərə əvvəlki hesabat ili üçün hesablanmış və ödənilmiş sadələşdirilmiş vergi, eləcə də gəlir və ya mənfəət vergisinin 100 faizi həcmində güzəşt tanınacaq.
Güzəşt sahibkarın vergi hesabında qalacaq və sonrakı illərdə ümumi vergi öhdəliyinin ödənilməsinə yönəldiləcək. Məbləğin illər ərzində istifadə müddətinə dair məhdudiyyət təklifdə göstərilmir.
Dəyişikliklə əlavə vergi yükünün azaldılması, investisiya imkanlarının genişləndirilməsi və biznesin böyüməsinin təşviqi hədəflənir. Mexanizmin sahibkarların fəaliyyətlərini gizlətmək meylini azaltması, mikro müəssisələrin isə daha yüksək kateqoriyaya keçidini sürətləndirməsi gözlənilir.
Təklifin tətbiqinə nümunə olaraq, topdansatışla məşğul olan mikro müəssisənin illik dövriyyəsinin 200 min manat həddini aşaraq 2027-ci ildə kiçik sahibkarlıq kateqoriyasına keçməsi göstərilir.
Müəssisə 2026-cı il üzrə dövlət büdcəsinə 2 000 manat mənfəət vergisi hesablayıb ödəyibsə, həmin məbləğ vergi hesabında güzəşt kimi qeydə alınacaq.
2027-ci ildə müəssisənin ümumi vergi öhdəliyi 1 500 manat olacağı halda, bu borc 2 000 manatlıq güzəştlə tam bağlanacaq və həmin il vergi ödənişi tələb olunmayacaq. Qalan 500 manat isə növbəti illərin vergi öhdəliklərindən çıxılacaq.