QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Yaponiyanın “Aster” şirkəti “Toyota” üçün ehtiyat hissələri istehsal etdiyi uzun illərdən sonra fəaliyyətinin bir hissəsini müdafiə sənayesinə yönəldib.
Avtomobil təchizatçılarının hərbi məhsul istehsalına başlaması Tokionun müdafiə imkanlarını geniş miqyasda artırmaq strategiyasının bir istiqamətidir.
Yaponiya hökuməti Çin, Rusiya və Şimali Koreyadan qaynaqlandığı iddia edilən təhlükələr fonunda yenidən silahlanmanı sürətləndirmək üçün mövcud sənaye zəncirlərindən istifadə etmək niyyətindədir. Bu yanaşma ABŞ-ın da dəstəyini alır.
İstehsal sahələrinin genişləndirilməsi avtomobil sektoruna maşın istehsalındakı geriləməni qismən kompensasiya etmək imkanı yaradır. 2025-ci ildə Yaponiyada buraxılan avtomobillərin sayı on il əvvəllə müqayisədə təxminən 900 min ədəd az olub.
Təchizatçıların müdafiə layihələrinə cəlb edilməsində əsas işi Yaponiya Müdafiə Nazirliyinin Satınalma, Texnologiya və Logistika Agentliyi (ATLA) görür. Agentlik şirkətlərin imkanlarını araşdırır, onları silah istehsalçıları ilə əməkdaşlığa yönəldir və maliyyə dəstəyi təqdim edir. Hazırda hərbi sifarişlərlə əsasən kiçik və orta ölçülü avtomobil hissələri istehsalçıları maraqlanır.
“Toyota”, “Honda” və “Nissan” kimi iri avtomobil qrupları isə Çin bazarındakı mövqeləri və reputasiya baxımından yarana biləcək risklər səbəbindən bu istiqamətdə ehtiyatlı davranırlar.
“Aster”in baş direktoru Takenobu Honqo pilotsuz uçuş aparatlarının istehsalını daha gəlirli biznes kimi qiymətləndirib.
“Toyota” şirkəti müdafiə sahəsində fəaliyyətə başlamağı planlaşdırmadığını açıqlayıb. Konsernin icraçı direktoru Hiroyuki Ueda bildirib: “Hazırda şirkətin prinsipial mövqeyi belədir: müdafiə ilə bağlı heç bir iş görməyəcəyik”.