QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, COP31-ə hazırlığın başlanğıcından Azərbaycan mütəxəssisləri Türkiyə komandası ilə birgə işləyir və bu prosesdə məsləhətçilər mühüm rol oynayırlar. Bunu Azərbaycan Prezidentinin İqlim Məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Antalyada konfrans çərçivəsində yaradılan Azərbaycan pavilyonunda bildirib.
Babayev Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri, COP31-in sədri Murat Kurumun Azərbaycanın COP29 təcrübəsindən geniş yararlanmaq barədə fikirlərini şərh edib. Onun sözlərinə görə, mühüm məqsədlərdən biri Azərbaycanın dəstəyi ilə 200-ə yaxın üzv ölkə arasında razılıq əldə etmək və ortaq mövqeyə gəlməkdir.
Babayev qeyd edib ki, yekun qərarların beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmasına razılıq verilməsi konfransın uğuru baxımından həlledici olacaq. O, praktiki proqramların hazırlanmasını və onların icrası ilə bağlı qərarların qəbulunu da COP31-in əsas hədəfləri sırasında göstərib. Gündəlikdə elektrikləşmə, istixana qazı emissiyalarının azaldılması və təmiz enerjiyə keçid məsələləri yer alır.
Muxtar Babayevin sözlərinə görə, COP29-un davamı kimi Antalyada keçiriləcək müzakirələrdə maliyyə mövzusu da əsas yerlərdən birini tutacaq.
“Planlaşdırılan iqlim proqramlarını həyata keçirmək üçün maliyyə resurslarının cəlb olunması, bu işdə beynəlxalq maliyyə institutlarının, iri bankların və özəl sektorun fəal iştirakının təmin edilməsi nəzərdə tutulur.
Türkiyə tərəfi ilə sıx dialoq və əməkdaşlıq şəraiti var. Bu, birgə işin daha səmərəli və operativ aparılmasına imkan yaradır”, – deyə o bildirib.