QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, İnsan Hüquqları üzrə Müvəkkil Səbinə Əliyeva gender əsaslı zorakılığa qarşı mübarizə ilə bağlı videomüraciət yayıb. Müraciət “Gender əsaslı zorakılıqla mübarizə üzrə 16 günlük fəallıq” kampaniyasına həsr olunub.

Kampaniya hər il noyabrın 25-dən dekabrın 10-dək keçirilir. Bu il onun şüarı qadın və qızlara qarşı zorakılığa son qoymaq, ədaləti təmin etmək, zərərçəkənləri qorumaq və cəzasızlığa yol verməmək üçün birliyə çağırışdır.

Əliyeva bildirib ki, qadın və qızlara qarşı zorakılıq şəxsi və ya ailədaxili məsələ deyil, insan hüquqlarının ciddi pozuntusudur. Onun sözlərinə görə, bu hallar insanın toxunulmazlığına qəsd etməklə yanaşı, cəmiyyətin sabitliyinə və mənəvi dəyərlərinə də zərbə vurur.

Ombudsman fiziki, psixoloji, iqtisadi və rəqəmsal zorakılığın heç bir formasına haqq qazandırıla bilməyəcəyini, belə halların qarşısının qətiyyətlə alınmalı olduğunu vurğulayıb.

Müvəkkil 2026–2028-ci illər üçün Azərbaycan Respublikasında gender bərabərliyi üzrə Milli Fəaliyyət Planının hədəflərinə çatmaq üçün hər kəsi səylərini birləşdirməyə çağırıb. O, gender əsaslı zorakılığın qarşısının alınmasında medianın rolunu qeyd edərək, bərabərlik mədəniyyətinin təbliğinin və cəmiyyətdə möhkəmlənməsinin zorakılıq hallarının azalmasına kömək edə biləcəyini bildirib.

Əliyevanın sözlərinə görə, zorakılıqdan zərər görən hər kəs lazımi müdafiə və hərtərəfli qayğı ilə təmin edilməli, ədalətli mühakimə hüququ qorunmalı, təqsirkarlar isə məsuliyyətə cəlb olunmalıdır. O, cəzasızlıq mühitinin aradan qaldırılmasını və qanunun aliliyinin təminini əsas vəzifə adlandırıb.

Zorakılığa məruz qalanlara və belə hallardan xəbərdar olanlara Ombudsman hüquq-mühafizə orqanlarına və ya “916” Çağrı Mərkəzinə müraciət etməyi tövsiyə edib.

Müvəkkil aqressiv davranışların bütün təzahürlərinə qarşı cəmiyyətdə qəti mövqe formalaşdırmağın vacibliyini vurğulayıb. O qeyd edib ki, hüquqi mexanizmlərin gücləndirilməsi və vətəndaş həmrəyliyi qadın və qızlar üçün təhlükəsiz, ədalətli gələcəyin qurulmasına imkan verə bilər.