QafqazNews Baku.ws-ə istinadən xəbər verir ki, “Sabah”ın müdafiəçisi Rəhman Daşdəmirov “Barselona”ya qarşı çıxışın həm klub, həm də futbolçular üçün xüsusi məna daşıdığını bildirib.
27 yaşlı futbolçu UEFA Çempionlar Liqasının əsas mərhələsində bu gün İspaniya təmsilçisi ilə keçiriləcək qarşılaşma barədə fikirlərini bölüşüb. Onun sözlərinə görə, “Barselona” ilə oynamaq “Sabah” üçün qürur, hər bir futbolçu üçün isə arzudur.
Daşdəmirov qeyd edib ki, komanda rəqibin ayrı-ayrı oyunçularından çox, bütöv kollektivin təhlilinə diqqət yetirir və hazırlıq da bu yanaşma üzərində qurulub. Müdafiəçinin fikrincə, “Barselona”nın əsas üstünlüyü komanda oyunundadır.
O, Bakı Olimpiya Stadionunun dolmasının gözlənildiyini vurğulayıb. Daşdəmirov bildirib ki, böyük komanda ilə dolu tribunalar qarşısında oynamaq məsuliyyəti artırsa da, start fitindən sonra diqqət yalnız matça yönəlir. Bununla yanaşı, güclü rəqiblə qarşılaşarkən öz oyun tərzini qorumağın çətin olduğunu deyib.
Azərbaycan millisinin üzvü “Sabah”ın qitənin əsas klub turnirində debütünü də dəyərləndirib. Daşdəmirovun sözlərinə görə, doqquz il əvvəl qurulan klubun qısa müddətdə UEFA Çempionlar Liqasına yüksəlməsi görülən işlərin miqyasını göstərir. Bakıda Avropanın böyük klublarına qarşı oynamaq da planın reallaşmasıdır.
O, komandanın “Barselona” ilə görüşdə mümkün olan ən yaxşı nəticə uğrunda mübarizə aparacağını bildirib.
“Sabah” – “Barselona” matçı bu gün Bakı Olimpiya Stadionunda saat 21:45-də başlayacaq.