QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin cərrahiyyə bölməsinin baş ordinatoru N.A. əsgərin ölümü ilə bağlı cinayət işi üzrə məhkəmə qarşısına çıxarılıb.
Füzuli Hərbi Məhkəməsində hakim Əli Süleymanovun rəhbərlik etdiyi prosesdə hökm açıqlanıb. Qərara əsasən, N.A. 2 il 8 ay müddətinə azadlıqdan məhrum edilib və cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.
Məhkəmə zərərçəkmiş tərəfin mülki tələbini də qəbul edib. Təqsirləndirilən şəxs maddi ziyana görə 6 000 manat, mənəvi ziyana görə isə 3 000 manat ödəməlidir.
Hadisə ötən ilin oktyabrında baş verib. İttihamda göstərilir ki, özünü narahat hiss edən əsgər Əli İbrahimli hərbi hissənin tibb məntəqəsinə müraciət edib. Növbətçi həkim müayinə zamanı onda taxikardiya müəyyən edib və əsgər başqa hərbi hissəyə təxliyə olunub.
Əli İbrahimli həmin hissənin cərrahiyyə bölməsinin baş ordinatoru N.A.-ya ürəyində təxminən iki aydır ağrı olduğunu, tibb məntəqəsindəki müayinədə isə taxikardiya aşkarlandığını deyib.
İttihama görə, həkim bu barədə aidiyyəti qurumlara məlumat verməyib və klinik protokolun tələblərinə əməl etməyib. Zəruri müayinələr aparılmayıb, əsgərin yalnız təzyiqi ölçülüb.
Əsgərin təcili tibbi yardıma ehtiyacı olsa da, N.A. onun xidmət etdiyi “N” saylı hərbi hissəyə qaytarılması barədə göstəriş verib. Qayıdandan az sonra əsgərin vəziyyəti yenidən ağırlaşıb. Onu hospitala çatdırsalar da, həyatını xilas etmək mümkün olmayıb.
N.A.-ya Cinayət Məcəlləsinin 342.1-1-ci maddəsi ilə — qulluq vəzifəsinə səhlənkar yanaşmanın ehtiyatsızlıqdan şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olması üzrə ittiham irəli sürülüb. Onun barəsində həbs qətimkan tədbiri seçilmişdi.