QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev və köməkçisi Eldar Əmirov barələrində çıxarılan hökmlə bağlı apellyasiya şikayəti veriblər.

İşə Bakı Apellyasiya Məhkəməsində hakim Emin Əliyev baxacaq. İlk iclasın tarixi hələ açıqlanmayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib. Bununla belə, yaşı və xəstəlikləri ilə bağlı sağlamlıq durumu nəzərə alınaraq, Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunub və cəza şərti hesab edilib.

Hökmə əsasən, Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsi məsələsinə baxılması üçün təqdimat göndərilməsi, əmlakının isə müsadirə edilərək dövlətə keçirilməsi nəzərdə tutulub.

Mehdiyev barədə Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi 2025-ci ilin oktyabrında başlanıb. Ona Cinayət Məcəlləsinin cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasını nəzərdə tutan 193-1.3.2-ci, dövlətə xəyanətlə bağlı 274-cü, eləcə də hakimiyyəti zorla ələ keçirməyə və ya konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlərə dair 278.1-ci maddələri ilə ittiham irəli sürülüb.

Hüquqşünas Ramil Süleymanov bildirib ki, məhkəmə aktı qanuni qüvvəyə minənədək şəxsin cinayət törətməkdə ittiham edilməsi onun həmin cinayəti törətdiyi anlamına gəlmir. O, bu qaydanın Konstitusiyada təsbit edilən təqsirsizlik prezumpsiyasından irəli gəldiyini və şəxslərin hüquqlarının qorunmasına xidmət etdiyini vurğulayıb.

Süleymanovun sözlərinə görə, Mehdiyev də digər vətəndaşlar kimi hökmə qarşı şikayət vermək hüququna malikdir. Apellyasiya şikayətinin təmin edilib-edilməyəcəyini əvvəlcədən söyləmək mümkün deyil; bu, məhkəmənin qərarı ilə bəlli olacaq.

Hüquqşünas, həmçinin, Mehdiyevə verilən cəzanı yüngül və güzəştli qiymətləndirib. Onun fikrincə, dövlətə xəyanətdə ittiham olunan şəxsə şərti cəza verilməsi Azərbaycan məhkəmə tarixində nadir haldır.