QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Milli Məclisin plenar iclasında deputat Rəşad Mahmudov səhiyyə müəssisələrinin vergi və sosial ödəniş rejimləri arasındakı fərqləri müzakirəyə çıxarıb. O, vergilərin dövlətin təhlükəsizliyi və mövcudluğu, iqtisadi-sosial inkişaf, eləcə də təhsil və səhiyyə xidmətlərinin davamlılığı üçün mühüm vasitə olduğunu deyib.
Mahmudov amerikalı hüquqşünas Oliver Vendell Holmsun vergiləri “sivil cəmiyyət üçün ödədiyimiz qiymət” kimi səciyyələndirdiyini xatırladıb. Deputatın fikrincə, diqqət güzəştlərin sayından çox, onların ədalətli və məqsədə uyğun tətbiqinə yönəlməlidir.
O bildirib ki, oxşar iqtisadi şəraitdə işləyən subyektlərə eyni prinsiplər tətbiq edilməli, bir müəssisəyə yaradılan üstünlük digərinin rəqabət imkanlarını əsassız şəkildə zəiflətməməlidir. Mahmudov bu yanaşmanın səhiyyə islahatları və icbari tibbi sığortanın tətbiqi dövründə tibb müəssisələrinin fəaliyyətinə də aid olduğunu vurğulayıb.
Deputatın sözlərinə görə, Səhiyyə Nazirliyinin elmi-tədqiqat institutları, tibb universitetlərinin klinikaları, dövlət xəstəxanaları və özəl tibb müəssisələri insan sağlamlığının qorunmasına xidmət etsələr də, mülkiyyət forması və hüquqi statuslarına görə fərqli vergi və sosial ödəniş qaydaları ilə üzləşirlər.
Mahmudov qeyri-neft-qaz sektoruna aid güzəştlərin, eləcə də əməkhaqqının 8 min manatadək olan hissəsinə tətbiq edilən xüsusi vergitutma mexanizmlərinin səhiyyədə uyğunsuzluqlara səbəb olduğunu qeyd edib. Nəticədə eyni ixtisas və peşə məsuliyyəti daşıyan həkimlərin ödəniş yükü işlədikləri müəssisənin statusundan asılı olaraq dəyişir. Bu fərqlər sağlam rəqabətə və kadrların düzgün bölüşdürülməsinə təsir göstərir.
Parlamentari məqsədin hər hansı müəssisəyə verilmiş güzəşti ləğv etmək olmadığını bildirib. Onun sözlərinə görə, bütün tibb müəssisələrinə vahid səhiyyə sisteminin iştirakçıları kimi yanaşılmalıdır.
Rəşad Mahmudov elmi-tədqiqat, tədris və sosial öhdəliklərdən doğan obyektiv fərqlərin nəzərə alınmasının vacibliyini vurğulayıb. Bununla belə, həmin fərqlər eyni tibbi xidməti göstərən müəssisələr arasında əsassız rəqabət bərabərsizliyi yaratmamalıdır.
Deputat əlavə edib ki, vergi siyasətindəki uyğunsuzluqların islahatların davamı olaraq mərhələli şəkildə aradan qaldırılması dövlət, sahibkarlar və cəmiyyət üçün ümumi fayda verəcək.