QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Abşeron rayonunun Hökməli qəsəbəsində kişi sevgilisini döyərək xəsarət yetirib.
İsmayıllı sakini, 1993-cü il təvəllüdlü Fərid Əliyev boşandıqdan sonra qəsəbədə boşanmış bir qadınla tanış olub. Təxminən altı ay münasibətdə olan cütlük evlənmək qərarına gəlsə də, birgə yaşaya bilməyib.
Hadisədən bir neçə gün əvvəl qadın maddi sıxıntı keçirdiyini bildirərək Fəridi evinə çağırıb və pul istəyib. O, sevgilisinə 20 manat verib. Daha sonra aralarında mübahisə yaranıb. Qadın iş tapacağını deyəndə Fərid onun işləməsinə qarşı çıxıb və buna razılıq verməyib.
Dolanışıq çətinliyi səbəbindən işləmək qərarına gəldiyini bildirən qadını Fərid döyüb və bədən xəsarətləri yetirib.
Hadisə yerinə gələn polis əməkdaşları Fəridi saxlayıblar. Fakt üzrə cinayət işi başlanaraq məhkəməyə göndərilib. Məhkəmə zamanı tərəflərin barışması səbəbindən işə xitam verilib.