QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Ermənistan məhkəməsi “Güclü Ermənistan” partiyasının rəhbəri Samvel Karapetyanın bir ay müddətinə həbs olunması barədə qərar qəbul edib. Vəkil Arman Feroyan noyabrın 5-də məhkəmə binasının qarşısında jurnalistlərə bildirib ki, hakimlər vəsatəti diqqətlə araşdırmaq üçün xeyli vaxt sərf ediblər.

Feroyan qərarla bağlı açıqlamasında Karapetyana hazırda iki məhdudlaşdırıcı tədbirin tətbiq edildiyini deyib: ev dustaqlığı və bir aylıq həbs. Müdafiəçiləri qərardan apellyasiya şikayəti verəcəklərini açıqlayıblar.

Məhkəmə iclası gecə boyu davam edib. İşը hakim Levon Petrosyanın icraatına verilib.

Bundan əvvəl, noyabrın 4-də səhər saatlarından İstintaq Komitəsinin əməkdaşları Samvel Karapetyanın və parlamentdəki “Güclü Ermənistan” fraksiyasının rəhbəri Narek Karapetyanın yaşadığı ünvanlarda axtarış aparıblar. Komitə ittiham olunan şəxslərlə əlaqəli bütün obyektlərdə axtarış keçirildiyini bildirib.

İstintaq Komitəsinin mətbuat xidmətinin məlumatına görə, Ermənistan Respublikası İstintaq Komitəsinin İqtisadi Cinayətlər və Qaçaqmalçılığın İstintaqı Baş İdarəsinin apardığı cinayət işi çərçivəsində eyni vaxtda 65 ünvanda axtarış olub.

Komitə daha sonra “Ermənistan Elektrik Şəbəkələri” şirkətinə 64,5 milyard dram ziyan dəydiyini açıqlayıb. Qurumun bildirdiyinə görə, Samvel Karapetyan və daha 35 nəfər barəsində cinayət təqibi başlanıb və onların hamısı saxlanılıb.