QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sabiq əməkdaşı Səday Alıyevin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun rəhbərlik etdiyi iclasda prokuror ittiham aktını təqsirləndirilən şəxsə elan edib. Alıyev ona qarşı irəli sürülən ittihamı qəbul etməyib. Növbəti baxış dekabrın 15-nə təyin olunub.
Səday Alıyev 3 milyon manat mənimsəməkdə ittiham edilir. O, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində şöbə müdiri işləyib. Onun fəaliyyəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb və Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə, xüsusilə külli miqdarda mənimsəmə ittihamı irəli sürülüb. Məhkəməyə qədər onun barəsində polisin nəzarətinə vermə qətimkan tədbiri seçilib.
İş üzrə zərərçəkmiş qismində Agentliyin tabeliyində olan “İri Şəhərlərin Su Təchizatı” QSC tanınıb.