QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidməti meşələrdə ağacların qanunsuz kəsilməsi və emalı ilə bağlı birgə əməliyyat keçirib.

DİN-in Mətbuat Xidmətinin məlumatına görə, Baş İdarəyə Şəki rayonunun Kiş kəndində qiymətli ağac növlərinin kütləvi şəkildə qanunsuz kəsilməsi barədə əməliyyat məlumatı daxil olub. Tədbirlər zamanı bu əməldə şübhəli bilinən rayon sakinləri Hümmət Feyzullayev, Nüyvər Babayev, Sərxan Hümmətov, Taleh Abdullayev, Rüstəm Məhərrəmov və Qəmlo Nəsirli saxlanılıblar.

Araşdırma zamanı şəxslərin ağacları qanunsuz kəsib emal etdikdən sonra satdıqları müəyyənləşib. Əraziyə baxışda kəsilmiş 100-dən artıq fıstıq ağacının kökləri tapılıb. Ekspert rəyinə əsasən, ağaclardan bəzilərinin yaşı 100–150 il olub.

Qanunsuz ağackəsmə hallarının qarşısının alınması, vaxtında aşkarlanması və digər təqsirli şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması üçün araşdırma və nəzarət tədbirləri davam etdirilir.

Ağacların və digər yaşıllıqların qanunsuz kəsilməsi, məhv edilməsi və zədələnməsi yolverilməzdir. Bu əməllər təbiətə və ekoloji tarazlığa zərər vurmaqla yanaşı, qanunvericilikdə nəzərdə tutulan hallarda cinayət məsuliyyəti yarada bilər. Vətəndaşlardan yaşıllıqların qorunmasına diqqətlə yanaşmaq və belə hallarla qarşılaşdıqda polisə dərhal məlumat vermək xahiş olunur.