QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Şirvan Apellyasiya Məhkəməsi Kəsirə Cəfərovanın işi üzrə qərar qəbul edib. Məhkəmə onun şikayətini təmin edib, zərərçəkmiş şəxsin hüquqi varisinin müraciətini isə qismən təmin etməklə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünü dəyişdirib.
Qərara əsasən, Cəfərovanın əməli Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsindən 126.3-cü maddəsinə tövsif olunub. Həmin maddə ilə ona 6 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Birinci instansiya məhkəməsi onu 9 il müddətinə həbsə məhkum etmişdi.
İttihamda göstərilib ki, hadisə 2025-ci il noyabrın 30-da Cəlilabad rayonunun Günəşli kəndində baş verib. Cəfərova ev işləri gördüyü vaxt mətbəxin yanındakı otaqdan üç azyaşlı uşağının səsini eşidib və ora keçib. Həmin vaxt əri Vüsal Cəfərov uşaqlarla birlikdə döşəməyə salınmış süfrə arxasında səhər yeməyi yeyirmiş.
Qadın uşaqların nadinclik etdiyini, ərinin isə buna müdaxilə etmədiyini görərək ona irad tutub. Məhkəmədəki ifadəsində Cəfərova ev işlərinin, uşaqların tərbiyə və qayğısının onun üzərinə düşdüyünü, fiziki qüsurlu iki övladının müalicəsi ilə də təkbaşına məşğul olduğunu bildirib. Onun sözlərinə görə, bu vəziyyət ailədə uzun müddət gərginliyə səbəb olub.
Cəfərova ərinin ailəyə maddi yardım göstərmədiyini, tez-tez spirtli içki qəbul etdiyini, sərxoş halda evə gəlib mübahisə saldığını və ona qarşı zor tətbiq etdiyini deyib. Hadisə günü uşaqların dərmanları üçün pul istədiyini, lakin Vüsal Cəfərovun buna laqeyd yanaşaraq “bu ay heç nə görməyəcəksən” və “get nə bilirsən elə” dediyini bildirib.
Məhkəmə hökmündə həmin ifadələr və uzunmüddətli ailədaxili gərginliyin qadında kəskin psixi-emosional vəziyyət yaratdığı qeyd edilib. Cəfərova əvvəlcə süfrənin üstündəki mətbəx bıçağını götürərək özünə xəsarət yetirmək, özünü öldürmək niyyətində olduğunu bildirib.
İstintaqın gəldiyi nəticəyə görə, ayağa qalxıb onun üzərinə gələn ərinin hücum edəcəyini düşünən qadın bıçaqla onun sinəsindən bir dəfə zərbə vurub. Zərbə döş boşluğuna keçərək ürək kisəsini, ürəyi və diafraqmanı zədələyib. Ağır yara güclü daxili qanaxmaya səbəb olub və Vüsal Cəfərov həyatını itirib. Məhkəmədə Kəsirə Cəfərova ona elan edilən ittiham üzrə özünü təqsirli saydığını bildirib.
Həm təqsirləndirilən, həm də mərhumun anası olan zərərçəkmiş şəxsin hüquqi varisi apellyasiya şikayəti verib. Onlar hökmün dəyişdirilməsini, əməlin Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə tövsif olunmasını və Cəfərovanın həbsdən azad edilməsini istəyiblər.