QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Şirvan Apellyasiya Məhkəməsi Mikayıl Dadaşovun işi ilə bağlı dövlət ittihamçısının verdiyi apellyasiya protestini təmin etməyib. Hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən şəxsin barəsindəki hökmdən verilən protest üzrə iclas yekunlaşıb və qərar açıqlanıb.

İttiham aktında bildirilir ki, Dadaşov “TikTok”da saç ustası Qənirə Səlimovanın (ad və soyad şərtidir) foto və videolarını telefonuna endirib. Daha sonra görüntülərə nalayiq ifadələr əlavə edib, təhqiramiz sözlər yazaraq qadına göndərib. O, özünün “Momento more” səhifəsi vasitəsilə həmin materialları yaymamaq müqabilində Səlimovadan 50 manat istəyib.

Dadaşov başqa vaxt qadına mesaj yazaraq intim münasibət də təklif edib. Səlimova bunu qəbul etməyib və onu sosial şəbəkədə bloklayıb. Bundan sonra təqsirləndirilən şəxs qadınla bağlı rüsvayedici görüntüləri “Instagram”dakı bir neçə şəxsi səhifəsində paylaşıb.

Qadının şikayətindən sonra Dadaşov saxlanılıb. Ona Cinayət Məcəlləsinin 182.1-ci maddəsi, yəni hədə-qorxu ilə tələb etmə üzrə ittiham verilib.

Məhkəmədə ifadə verən Dadaşov pul qazanmaq məqsədilə insanları şantaj etdiyini, ilk olaraq Qənirəyə yazdığını söyləyib. O, törətdiyinə görə peşman olduğunu bildirərək daha yüngül cəza istəyib.

Lerik Rayon Məhkəməsinin hökmü ilə Dadaşov üç il müddətinə azadlıqdan məhrum edilib.