QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, ekspert Cavid Hüseynov Xəzər dənizinin suyunu duzsuzlaşdıran Sumqayıt zavodunda yaranacaq qatı duz məhlulundan sənaye xammalı kimi istifadə etməyi təklif edib. Onun sözlərinə görə, bu yanaşma ekoloji riskləri azaltmaqla yanaşı, layihənin iqtisadi səmərəsini artıra bilər.

İqlim dəyişiklikləri və regionda su qıtlığı şəraitində alternativ mənbələrdən yararlanmaq Azərbaycanın strateji istiqamətlərindən biridir. Sumqayıtda tikilməsi nəzərdə tutulan zavodun gündəlik gücü 300 min kubmetr olacaq. Müəssisənin Bakı və Abşeron yarımadasının içməli suya tələbatının ödənilməsində mühüm rol oynaması gözlənilir.

Hava və iqlim məsələləri üzrə ekspert bildirib ki, Xəzərin qapalı hövzə olması və özünəməxsus relyefi layihənin hidroloji və ekoloji təsirlərinin diqqətlə qiymətləndirilməsini tələb edir. Qapalı su hövzələri insan fəaliyyətinin təsirlərinə daha həssas olduğundan, duzsuzlaşdırma prosesinin nəticələri də nəzərə alınmalıdır.

Hüseynovun təklif etdiyi üsul brin adlanan qatı duz məhlulundan duzun toplanaraq istifadəsini nəzərdə tutur. Bu, “sıfır maye tullantı” (ZLD) yanaşması çərçivəsində həyata keçirilə bilər. Tərs osmosdan qalan məhlul əlavə buxarlandırma və kristallaşdırma mərhələlərindən keçirilərək, distillə edilmiş su və sənaye duzu alınır. Buxarlandırma üçün yüksək təzyiqli mexaniki sistemlər, eləcə də quru və isti iqlimdə günəş enerjisindən istifadə edən hovuzlar tətbiq oluna bilər.

Ekspert qeyd edib ki, Sumqayıt zavodunun Kimya Sənaye Parkına yaxınlığı əldə edilən duzun istifadəsi üçün əlverişli şərait yaradır. Natrium-xlorid xlor, hidrogen və kaustik soda istehsal edən müəssisələrə xammal kimi verilə bilər. Qatı məhlullar və sənaye duzu neft-qaz quyularında qazma məhlulunun sıxlığını tənzimləmək, həmçinin yollarda buzlanmanın qarşısını almaq üçün də yararlıdır. Brindən mürəkkəb filtrasiya yolu ilə maqnezium, kalsium və litium kimi metalların ayrılması da mümkündür.

Hüseynovun sözlərinə görə, texnologiyanın başlıca çətinlikləri yüksək enerji sərfiyyatı və maliyyə xərcləridir. Bununla belə, zavodun yerli sənaye klasteri ilə inteqrasiyası ekoloji riskləri minimuma endirə və layihənin iqtisadi dayanıqlığını gücləndirə bilər.