QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, Əmək Məcəlləsinə təklif edilən dəyişikliklərlə Azərbaycanda müəyyən iş yerlərində saatlıq əməkhaqqı sisteminin tətbiqi nəzərdə tutulur.

Layihəyə əsasən, saatlıq ödəniş müvafiq icra hakimiyyəti orqanının təsdiqləyəcəyi iqtisadi fəaliyyət növləri üzrə işləyən müəssisələrdə və fərdi işəgötürənlərin yaratdığı iş yerlərində əmək müqaviləsi bir aydan qısa müddətə bağlandıqda müəyyən ediləcək. Bu sistem həftəlik iş vaxtı 20 saat və ya daha az olan işçilərə də şamil olunacaq.

Büdcədən maliyyələşən müəssisələr saatlıq əməkhaqqı sistemini yalnız mövcud əməkhaqqı qaydalarında buna imkan nəzərdə tutulduğu halda tətbiq edə biləcək. Natamam iş vaxtında çalışan və aylıq maaş alan işçinin ödənişi işlədiyi müddətə uyğun hesablanacaq, lakin minimum aylıq əməkhaqqının həmin vaxta düşən hissəsindən aşağı olmayacaq.

Saatlıq əməkhaqqı alan işçinin hər işlədiyi saat üçün aldığı məbləğ minimum saatlıq əməkhaqqından az müəyyən edilə bilməz. Gündəlik iş müddəti bir saatdan qısa olduqda da ən azı minimum saatlıq məbləğ ödənilməlidir. Növbənin sonrakı hissəsində bir saatdan az işlənən müddət tam saat sayılaraq hesablanacaq. Minimum saatlıq əməkhaqqı minimum aylıq maaşdan çıxarılan saatlıq tarifdən yüksək olmalıdır. Ödəniş əmək müqaviləsində göstərilən vaxtda edilməlidir.

Dəyişikliklərin əsaslandırılmasında qeyd olunur ki, minimum əməkhaqqı işçilərin yaşayış səviyyəsini qorumağa yönələn sosial siyasət vasitəsidir və bu məsələ Beynəlxalq Əmək Təşkilatı da daxil olmaqla beynəlxalq qurumların diqqətindədir. Saatlıq minimum ödənişin tam və natamam iş vaxtında çalışanlara bərabər yanaşma yaratdığı, xüsusilə qısa müddətli müqavilə ilə işləyənlər üçün əhəmiyyət daşıdığı bildirilir.

Hazırda ölkədə minimum əməkhaqqı aylıq dövr üzrə müəyyən edilir. Təklif olunan normalarla aylıq ödənişlə yanaşı, saatlıq əməkhaqqı anlayışının da qanunvericilikdə təsbit edilməsi və müəyyən sahələrdə işlənmiş hər saata görə ödənişin minimum həddən aşağı olmaması planlaşdırılır.

Saatlıq sistemin tətbiq ediləcəyi fəaliyyət sahələrinin siyahısını Nazirlər Kabineti müəyyən edəcək. Siyahıya kənd təsərrüfatı məhsullarının istehsalı və ictimai iaşə sahələrinin daxil edilməsi nəzərdə tutulur. Həmin sahələrdə bir aydan az müddətə müqavilə bağlanan iş yerlərində, eləcə də fəaliyyət sahəsindən asılı olmayaraq həftəlik iş vaxtı 20 saatı keçməyən hallarda saatlıq ödəniş tətbiq oluna bilər.

Layihədə əməkhaqlarının elektron qaydada ödənilməsi də yer alıb. İşçilərə maaş və digər ödənişlərin onların seçdiyi bank hesabına elektron ödəniş sistemi vasitəsilə köçürülməsi təklif olunur. Köçürmələrə dair məlumatların əmək qanunvericiliyinə dövlət nəzarətini həyata keçirən quruma təqdim edilməsi nəzərdə tutulur.

Dəyişikliklərin məqsədi əməkhaqqının vaxtında və tam ödənilməsinə nəzarəti gücləndirmək, qeyri-formal məşğulluğun qarşısını almaq və işçi hüquqlarının müdafiəsini yaxşılaşdırmaq kimi göstərilir. Elektron nəzarət vasitəsilə gecikmə, az ödəniş və ödənişlərin gizlədilməsi hallarının aşkarlanmasının asanlaşacağı bildirilir.

Layihəyə görə, əməkhaqqı ödənişlərinin elektronlaşdırılması işəgötürənlərin uçot, hesablama və ödənişlə bağlı işlərini azaltmalıdır. Gələcəkdə vergi və sosial ödənişlər üzrə rüblük bəyannamələrin aylıq məlumatlarla əvəzlənməsi, dövlət nəzarətinin elektron və proaktiv mexanizmlə həyata keçirilməsi nəzərdə tutulur. Həmçinin icbari sosial sığorta haqlarının fərdi hesablara avtomatik köçürülməsi, ezamiyyət, məzuniyyət və əmək qabiliyyətinin itirilməsi zamanı orta əməkhaqqının avtomatik hesablanması, eləcə də vətəndaşların gəlir tarixçəsinə çıxışının genişləndirilməsi planlaşdırılır.

Layihənin qəbulunun dövlət büdcəsinə əlavə maliyyə yükü yaratmayacağı qeyd edilib.