QafqazNews Baku.ws-ə istinadən xəbər verir ki, tirzepatid qəbulunu qəfil dayandıran iki kişi psixoz və maniya əlamətləri ilə xəstəxanaya yerləşdirilib. GLP-1 qrupundan olan preparatların kəsilməsinin bəzi insanlarda psixiatrik simptomlarla əlaqəsi ola biləcəyi bildirilir.

Hadisələri araşdıran məqalə “The Primary Care Companion for CNS Disorders” tibb jurnalında yayımlanıb.

İlk pasiyent 61 yaşlı kişi olub. O, ürəkbulanma səbəbindən tirzepatid qəbulunu 2025-ci ilin avqustunda dayandırıb, həmin ilin oktyabrında isə xəstəxanaya müraciət edib. Sonradan onda depressiya, paranoya və çaşqınlıq yaranıb, həmçinin eşitmə və görmə hallüsinasiyaları müşahidə edilib. Kişi öldüyünü və bədəninin bəzi hissələrinin işləmədiyini düşündüyünü bildirib.

İkinci halda, 52 yaşlı kişi maniya əlamətləri ilə xəstəxanaya yerləşdirilib. Təxminən altı ay ərzində 45 kiloqram çəki itirən pasiyent tirzepatid istifadəsini qəfil kəsib. Bundan sonra onun həddindən artıq və nizamsız danışdığı, özünü üstün tutduğu, impulsiv və əsəbi davrandığı qeyd olunub.

Həkimlər dərmanın dayandırılması ilə bu əlamətlər arasında birbaşa səbəb əlaqəsini təsdiqləməyiblər. Hər iki şəxsin əvvəllər psixoloji problemləri olduğu bildirilib. İkinci pasiyentdə B12 vitamini çatışmazlığı, eləcə də kannabis istifadəsinin artması müəyyən edilib.

Tədqiqatın müəllifləri GLP-1 preparatlarının dayandırılmasının bəzi risk qruplarında psixiatrik əlamətlərin yaranmasına təsir edə biləcəyini istisna etmirlər. Bununla yanaşı, cəmi iki hadisə əsasında səbəb-nəticə əlaqəsi müəyyənləşdirmək mümkün deyil.

Mütəxəssislər preparatların həm istifadəsi, həm də dayandırılması zamanı həkim nəzarətinin əhəmiyyətini vurğulayırlar.