QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Müdafiə naziri Zakir Həsənovun koronavirusa yoluxduqdan qısa müddət sonra işə çıxması COVID-19-un hazırkı təhlükəsi və karantin müddəti ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Pandemiyanın ilk illərindən sonra sərt məhdudiyyətlər arxa plana keçsə də, yoluxmalar qeydə alınmaqda davam edir.
İnfeksionist Ləman Qalimova bildirib ki, COVID-19 tənəffüs yollarına təsir edən virus infeksiyasıdır və müxtəlif variantlar səbəbindən xəstəliyin gedişi, eləcə də simptomlar insandan-insana dəyişə bilər.
Mütəxəssisin sözlərinə görə, hazırda boğaz ağrısı və qıcıqlanma, hərarət, üşütmə, sümük, əzələ və oynaq ağrıları, burun axması və tutulması, yorğunluq, halsızlıq, asqırma müşahidə edilə bilər. Bəzi xəstələrdə dad və qoxu hissi itə və ya dəyişə, ürəkbulanma, qusma və ishal yarana bilər. Kəskin respirator infeksiyalarda rast gəlinən əlamətlər COVID-19 zamanı da ortaya çıxa bilər.
Qalimova qeyd edib ki, bu simptomların olması öz-özlüyündə koronavirusa yoluxmanı təsdiqləmir. Dəqiq nəticə əldə etmək üçün testdən keçmək, COVID-19 diaqnozunu müəyyənləşdirmək üçün isə PCR müayinəsi aparmaq lazımdır.
Həkim koronavirusa yoluxan şəxslərə özbaşına dərman qəbul etməməyi və müalicə sxemi seçməməyi tövsiyə edib. Müalicəyə başlamazdan əvvəl infeksionistlə məsləhətləşmək, yalnız həkimin təyin etdiyi qaydalara əməl etmək vacibdir. Həddindən artıq halsızlıq yaranarsa, təcili tibbi yardıma müraciət olunmalıdır.
Nəfəs almaqda çətinlik, sinədə davamlı ağrı və ya təzyiq, şüurun qarışması, uzun sürən yuxululuq, dodaqların və dərinin göyərməsi təcili müdaxilə tələb edən əlamətlər sırasındadır. Onlardan hər hansı biri müşahidə edilərsə, vaxt itirmədən tibbi yardım çağırılmalıdır.
İnfeksionistin bildirdiyinə görə, pandemiya vaxtı yoluxma və vaksinasiya nəticəsində əhalinin müəyyən hissəsində virusa qarşı immun müdafiə yaranıb. Bununla belə, mutasiyalar yeni variantlara qarşı əvvəlki vaksinlərin təsirini zəiflədə bilər. Vaksinasiya isə xəstəliyin ağır keçmə ehtimalını azaltmaq baxımından əhəmiyyətini saxlayır.
Qalimova əlavə edib ki, koronavirusun gələcəkdə də yayılması mümkündür. Buna görə əsas məqsəd virusun tam yox olmasını gözləmək deyil, yoluxma ehtimalını azaltmaq və qoruyucu tibbi tədbirləri davam etdirməkdir.