QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, bəzi insanlar xoş münasibətə, vədlərə və emosional təsirə tez inanır, aldandıqları hallardan sonra belə oxşar davranışı təkrarlayırlar. Kənardan bu, sadəlövhlük və ya zəiflik kimi görünsə də, psixoloji səbəblər daha fərqli ola bilər.

Psixoloq Aytən Ələkbərova bildirib ki, başqalarına həddən artıq güvənən, empatiyası güclü, sevgi və diqqətə ehtiyac duyan, ətrafının təsdiqini axtaran, mübahisələrdən yayınan və özünəinamı zəif şəxslər aldanmağa daha açıq olurlar. İdealist yanaşma da bu meyli gücləndirə bilər.

Ələkbərovanın sözlərinə görə, çox güvənən insanlar qarşısındakı şəxsi də özləri qədər səmimi hesab edirlər. Empatiyası yüksək olanlar isə başqasının səhvlərinə izah tapmağa çalışır, onu anlamaq istəyərkən özlərinə qarşı edilən haqsızlığı nəzərdən qaçıra bilirlər.

Sevgi və diqqət axtaranlar bəzən kiçik qayğını belə böyük bağlılığın əlaməti sayırlar. Bunun nəticəsində həmin şəxsə emosional yaxınlıq yaranır və güvən artır. Psixoloq müraciət edən cütlüklərdən birinin vəziyyətini nümunə göstərib: qız nişanlısının dostunun diqqət və qayğısına bağlanıb, bu isə münasibətin bitməsinə gətirib çıxarıb.

Təsdiqə ehtiyac duyan şəxslər tərifə, rəğbətə və alqışa tez inanırlar. Ailədə münaqişə zamanı fikri dinlənməyən, özünü ifadə edə bilməyən insanlar kənar dəstək axtarışında daha həssas ola bilər. Bu hal onların manipulyasiyaya məruz qalması riskini artırır.

Mütəxəssis qeyd edib ki, konfliktə girmək istəməyənlər aldadıldıqlarını sezsələr belə, münasibətləri qorumaq naminə susa bilirlər. Bu davranış dostluqda, romantik münasibətlərdə və ailə daxilində manipulyasiyanın davam etməsinə şərait yarada bilər.

Özünəinamı aşağı olan insanlar qarşı tərəfin mülahizələrini öz fikirlərindən üstün tuta, düşüncələrini müdafiə etməkdən və əldə etdikləri uğurları qəbul etməkdən çəkinə bilərlər. İdealistlər isə insanın hazırkı hərəkətlərindən çox, gələcəkdə necə dəyişə biləcəyinə inanaraq mövcud nöqsanları görməməzliyə vura bilirlər. Sevgi, qorxu və həyəcan da bəzən tələsik qərarlara yol açır.

Ələkbərova vurğulayıb ki, aldanmaq insanın ağılsız və ya zəif olması anlamına gəlmir. Belə şəxslər başqalarını özləri kimi dürüst qəbul edə, empatiya səbəbindən onların davranışlarına həddindən artıq anlayış göstərə bilərlər.

Aldadılma riskini azaltmaq üçün sözlərdən çox davranışların zamanla necə davam etdiyinə baxmaq və etibarı tədricən qurmaq tövsiyə olunur. Həmçinin qarşı tərəfin sizin üçün etdikləri ilə yanaşı, sizə münasibətini də müşahidə etmək vacibdir. Psixoloq xatırladıb ki, empatiya başqasını anlamaq qabiliyyətidir, hər kəsə qeyd-şərtsiz inanmaq deyil.