QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, deputat Fatma Yıldırım Bərdədə təxminən 200 min sakinə xidmət göstərə biləcək müasir xəstəxana kompleksinin tikilməsinin vacib olduğunu bildirib.

O, bunu Milli Məclisin noyabrın 17-də keçirilən plenar iclasında 2027-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deyib. Yıldırım Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsi və yeni geosiyasi şəraitin ölkənin hərtərəfli inkişafına imkan yaratdığını vurğulayıb. Deputat büdcə vəsaitlərinin səmərəli xərclənməsini, iqtisadiyyatın şaxələndirilməsini, bölgələrdə infrastrukturun yenilənməsini və sosial rifahın yüksəldilməsini qarşıdakı dövrün əsas istiqamətləri kimi qeyd edib.

Yıldırım dövlət büdcəsinə nəzarət və maliyyə şəffaflığının qorunmasında Hesablama Palatasının roluna da diqqət çəkib.

Bərdə rayonunda əhalinin sayının 200 minə yaxın olduğunu, eləcə də ətraf rayonlardan tibb müəssisələrinə çoxsaylı müraciətlərin daxil olduğunu bildirən deputat yeni kompleksin inşasını zəruri sayıb. Onun sözlərinə görə, müasir avadanlıqla təmin ediləcək və geniş müalicə imkanları yaradacaq xəstəxana sakinlərin keyfiyyətli tibbi yardım üçün paytaxta və digər iri şəhərlərə getmək ehtiyacını xeyli azalda bilər.

Deputat layihənin aidiyyəti dövlət proqramlarında nəzərə alınması üçün müvafiq qurumlara müraciət edib.

Yıldırım Bərdədə ictimai nəqliyyatın vəziyyətini də müzakirəyə çıxarıb. O qeyd edib ki, sərnişin daşıyan avtobusların bir hissəsinin istismar müddəti bitib və onlar müasir texniki tələblərə uyğun deyil. Deputat regionda nəqliyyat vasitələri parkının yenilənməsinə, eləcə də müasir avtobusların marşrutlara buraxılmasına ehtiyac olduğunu bildirib.