QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, İsveçdə yaşayan azərbaycanəsilli siyasətçi Turan Əliyev Vestra Hötaland regionunun Logistika üzrə İdarə Heyətinin 2027-2030-cu illəri əhatə edən dövr üçün əsas üzvü seçilib. Ölkənin 21 regionundan olan Vestra Hötalandda 49 bələdiyyə və təxminən 1,8 milyon sakin var. Əhalisinin sayına görə bu region İsveçdə ikinci yerdədir.
Logistika üzrə İdarə Heyəti regionun səhiyyə xidmətlərinin davamlılığında strateji rol oynayan siyasi qurumdur. O, xəstəxana və digər tibb müəssisələrinin dərman və vacib ləvazimatlarla vaxtında təchizatına, həmçinin anbar, nəqliyyat və çatdırılma sistemlərinə nəzarət edir.
Heyətin öhdəlikləri sırasına böhran və müharibə zamanı səhiyyə müəssisələrinin təchizatının kəsilməməsi üçün hazırlıqların gücləndirilməsi, büdcə vəsaitlərinin səmərəli xərclənməsi və xidmət keyfiyyətinin yoxlanılması daxildir. Təchizatın ekoloji baxımdan dayanıqlı təşkili və resurslara qənaət də diqqət mərkəzindədir. İdarə heyətinin siyasi nəzarəti altında olan təchizat idarəsində təxminən 1500 nəfər işləyir.
Bundan əvvəl Partille şəhərinin Bələdiyyə Şurası Əliyevi Mədəniyyət və Asudə Vaxt Komitəsi sədrinin birinci müavini vəzifəsinə seçib. O, bu vəzifəyə 2027-ci il yanvarın 1-də başlayacaq və 2030-cu ilin sonunadək çalışacaq. Əliyev Partille Bələdiyyə Şurasının deputatı, həmçinin İsveçin Mərkəz Partiyasının təmsilçisidir.