QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Türkiyənin sabiq ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kaya fondlarla bağlı araşdırma çərçivəsində həbs edilib.

Türkiyə mediasının yaydığı məlumata görə, Kaya prokurorluqda 2 saat 15 dəqiqə ifadə verdikdən sonra məhkəməyə göndərilib. O, “Kapital bazarı haqqında” qanunu pozmaqda və cinayət məqsədilə yaradılmış təşkilata üzv olmaqda şübhəli bilinir. Məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib.

İş üzrə İlyas Kaya və Türkiyə Kapital Bazarları Şurasının (SPK) sabiq sədri İbrahim Ömər Gönül barəsində məhkəmə nəzarəti qərarı çıxarılıb. Hər iki şəxs mütəmadi imza atmalı və ölkəni tərk etməməlidir.

Kaya 26 sentyabr 2026-cı ilədək Ədalət və İnkişaf Partiyasında (AKP) sədr müavini vəzifəsini tutub. O, həmin gün fondlarla bağlı iddiaların araşdırılmasına mane olmamaq üçün partiyadakı bütün vəzifələrindən azad edilməsini istəyib.