QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Ucar rayonunda irimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqanları və qüvvələrinin idarə olunmasına həsr edilmiş kompleks təlim keçirilib. Tədbiri Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi ilə Ucar Rayon İcra Hakimiyyəti birgə təşkil edib.

Təlimdə Aran Regional Mərkəzinin rəisi, polkovnik Vaqif Fətullayev, rayon icra hakimiyyətinin başçısı Mənsur Məmmədov, nazirliyin müvafiq qurumlarının nümayəndələri, rayon Fövqəladə Hallar Komissiyasının üzvləri və mülki müdafiə strukturlarının təmsilçiləri iştirak ediblər. Həmçinin ərazi və obyekt dəstələrinin, aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərləri, mülki müdafiəyə məsul şəxslər tədbirə qatılıblar.

Təlimin əsas məqsədləri mülki müdafiə planlarının yerli şəraitə uyğunluğunu yoxlamaq, ehtimal olunan fövqəladə hadisələr zamanı qurumların əlaqəli fəaliyyət bacarıqlarını gücləndirmək və rabitə-xəbərdarlıq sistemlərinin etibarlılığını qiymətləndirmək olub. Bundan başqa, mülki müdafiə xidmətləri və hərbiləşdirilməmiş dəstələrin yüksək hazırlıq vəziyyətinə gətirilməsi nəzərdə tutulub.

Proqram çərçivəsində şərti hadisə zamanı əhalinin köçürülməsi üçün salınmış çadır şəhərciyinə baxış keçirilib. Dəstələrin sıra baxışından sonra təlim qərargahında müşavirə təşkil olunub.

Vaqif Fətullayev çıxışında fövqəladə hallar zamanı mülki müdafiənin roluna və görülən tədbirlərin icrasına toxunub. O, hadisələrin nəticələrinin aradan qaldırılmasında idarəetmə qurumlarının uzlaşmış fəaliyyətinin vacibliyini qeyd edib.

Mənsur Məmmədov təlimin əhəmiyyətini vurğulayaraq, əhalinin təhlükəsizliyinin təmin olunması üçün qurumların birgə və əlaqələndirilmiş işinin mühüm olduğunu bildirib.

Daha sonra praktiki mərhələyə başlanılıb. Şərti irimiqyaslı fövqəladə hadisə ssenarisində FHN qüvvələri ilə rayonun hərbiləşdirilməmiş mülki müdafiə dəstələrinin qarşılıqlı fəaliyyəti və əməliyyat qərargahının işi təşkil edilib. Yanğınsöndürmə, xilasetmə və digər təxirəsalınmaz tədbirlər icra olunub, qarşıya qoyulan hədəflərə çatılıb.

Təlimə Aran Regional Mərkəzinin və rayonun aidiyyəti qurumlarının dəstələrindən ümumilikdə 331 nəfər şəxsi heyət, eləcə də 67 texnika cəlb olunub. Tədbir başa çatdıqdan sonra nəticələr nəzərdən keçirilib və müvafiq tapşırıqlar verilib.