QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Azərbaycanın Baş naziri Əli Əsədov Bakıda təşkil olunan yanğın-xilasetmə idmanı üzrə dünya çempionatı çərçivəsində ölkəyə gələn nümayəndə heyəti ilə bir araya gəlib.

Görüş kişilər arasında XXI, qadınlar arasında isə XII dünya çempionatı zamanı baş tutub. Nümayəndə heyətində Rusiyanın mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə naziri, Belarusun fövqəladə hallar naziri, Özbəkistanın fövqəladə hallar nazirinin birinci müavini və Qırğızıstanın fövqəladə hallar nazirinin müavini yer alıb. Heyətə, həmçinin Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının prezidenti daxil olub.

Tərəflər çempionatın Bakıda keçirilməsinin əhəmiyyətini qeyd ediblər. Yarışın yanğın-xilasetmə idmanının inkişafına, eləcə də iştirakçı dövlətlər arasında peşəkar təcrübə mübadiləsinin genişlənməsinə töhfə verəcəyi bildirilib.

Görüşdə Azərbaycanda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, yanğın təhlükəsizliyinin təmin edilməsi, maddi-texniki imkanların gücləndirilməsi və mütəxəssis hazırlığı istiqamətində görülən işlər barədə məlumat verilib.

Tərəflər yanğın-xilasetmə idmanının inkişafı və bu sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi məsələlərini də müzakirə ediblər.