QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, İranın ali liderinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti “Tramp marşrutu”nun (TRIPP) yaradılması ilə bağlı Ermənistanın Baş naziri Nikol Paşinyana xəbərdarlıq edib.

Vilayətinin müraciəti İranın “Ettelaat” qəzetində dərc olunub. “Ermənistanın baş naziri ilə açıq və səmimi söhbət” adlı məqalədə o, Ermənistan parlamentinin ABŞ ilə Zəngəzur dəhlizi vasitəsilə ölkə ərazisindən keçəcək marşrut üzrə əməkdaşlıq sazişini ratifikasiya etmək qərarını şərh edib.

Vilayəti hesab edir ki, Paşinyanın siyasəti erməni xalqının maraqlarına uyğun deyil, Ermənistanın Qərbdən asılılığını gücləndirir və Cənubi Qafqazda gərginliyin, eləcə də yeni münaqişə mərhələsinin başlanmasına zəmin yaradır.

Müşavir bildirib ki, Ermənistanın xarici işlər nazirinin müavini və Tehrandakı səfiri ilə görüşlərində İranın mövqeyini çatdırmaq imkanı olub. Onun sözlərinə görə, Tehran Zəngəzur dəhlizinin ABŞ-nin iştirakı ilə qurulmasını qəbul etmir.

“Ermənistan səfirinə açıq şəkildə dedim: ABŞ prezidenti Donald Tramp və müttəfiqləri bu ‘qırmızı xətti’ aşmağa çalışsalar, onların ayaqlarını qıracağıq”, – deyə Vilayəti bildirib.