QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, iqtisadçı Xalid Kərimli ticarət obyektləri və restoranların gecə işləmək qərarının satışdan, bazar payını qorumaq istəyindən və rəqabətdən asılı olduğunu bildirib.

Onun sözlərinə görə, bütün fəaliyyət sahələri gecə saatlarında işləməyə uyğun deyil və sahibkarlar bu rejimi tətbiq etməyə məcbur deyillər. Bəzi obyektlər gecə açıq qalmağı özləri seçir. Bunun nəticəsində gəlir əldə edə, zərərlə üzləşə və ya qazanc əldə etməyə bilərlər. Nəticə satışın və dövriyyənin həcmindən asılıdır.

Kərimli qeyd edib ki, gecə fəaliyyətinin səbəblərindən biri rəqabətdir. Müştəriləri və bazardakı payı itirməmək üçün bizneslər əlavə xidmət göstərir, alış-veriş imkanlarını günün müxtəlif saatlarına uyğunlaşdırırlar. Onun sözlərinə görə, bəzi insanlar üçün alış-verişə ən əlverişli vaxt axşam saat 6-dan sonradır: işdən çıxanlar mağazalara və restoranlara üz tuturlar.

İqtisadçı bildirib ki, müəssisələr 24 saatlıq iş rejiminə bütöv model kimi yanaşır və fəaliyyəti vaxt üzrə bölürlər. Gecə növbəsində xərclərin, o cümlədən işçilərin saatlıq əməkhaqqının daha yüksək, müştəri sayının isə az olmasına baxmayaraq, rəqabət sahibkarları bu rejimi seçməyə sövq edir.