QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Rusiyanın Başqırdıstan Respublikasında 2026-cı ildə laboratoriyada yoxlanılan gənələrin 20,4 faizində borreliozun törədiciləri müəyyən edilib. Gənə dişləməsindən sonra 16 nəfərdə Laym xəstəliyi, 10 nəfərdə isə gənə ensefaliti qeydə alınıb.

Bu məlumatı Rospotrebnadzorun bölgə üzrə idarəsi yayıb. Bildirilib ki, cari ildə gənə dişləməsinə görə həkimə müraciət edənlərin sayı 7162 olub. Onlardan 2567-si uşaqdır. 2025-ci ildə belə müraciətlərin sayı 10 153 nəfər təşkil edib.

Laborator analizlərdə tədqiq olunan gənələrin 0,4 faizində gənə ensefaliti virusu da aşkarlanıb.

Mütəxəssislərin bildirdiyinə görə, gənə ensefaliti sinir sistemində ciddi zədələnmələrə, bəzi hallarda isə iflicə yol aça bilər. Müalicəsiz qalan borrelioz oynaqlara, ürəyə və sinir sisteminə zərər vurur. Hərarət, baş ağrısı, zəiflik və gənənin dişlədiyi yerdə dərinin qızarması xəstəliyin əsas əlamətlərindəndir.

Rospotrebnadzorun mütəxəssisləri ensefalitə qarşı peyvəndləməni payızda başlamağı məsləhət görürlər. Bununla belə, həmin peyvənd borreliozdan qoruma təmin etmir. Gənə dişləməsi riskini azaltmaq üçün təbiətə gedərkən qoruyucu vasitələrdən yararlanmaq, bədəni örtən paltar geyinmək və gəzintidən sonra dərini yoxlamaq tövsiyə olunur. Bədənə yapışmış gənə tapıldıqda tibbi yardım almaq lazımdır.