QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, zərgərlik məmulatının tərəzidə görünən çəkisi onun tərkibindəki qızılın miqdarından fərqlənə bilər. Bu fərq məhsul daşlarla bəzədildikdə yaranır və alıcının ödədiyi məbləğlə əldə etdiyi xalis qızılın dəyəri arasında uyğunsuzluğa səbəb ola bilər.
Azərbaycan Zərgərlər Assosiasiyasının İdarə Heyətinin sədri Toğrul Abbasquliyev bildirib ki, məmulatın ümumi çəkisi ilə qızılın çəkisinin eyni olmaması daşlardan qaynaqlana bilər. Söhbət qiymətli, yarıqiymətli və ya qiymətsiz daşlardan gedə bilər.
Abbasquliyevin sözlərinə görə, istehlakçıların düzgün seçim etməsi üçün istehsalçı, brend və ya satıcı məhsul barədə ətraflı məlumat təqdim etməlidir. Ümumi çəki, daşların çəkisi və məmulatda olan metalın miqdarı ayrıca göstərilərsə, alıcı məhsulun tərkibini daha aydın qiymətləndirə bilər.
Əgər satıcı yalnız ümumi çəkini açıqlayır, metalın çəkisini ayrıca bildirmirsə, alış edib-etməmək qərarı müştərinin özündən asılıdır. Təqdim olunan məlumat alıcını qane etmədikdə, məhsulu almaqdan imtina edə bilər.
Assosiasiya rəhbəri qeyd edib ki, zərgərlik məmulatında gümüş və ya qızılın çəkisi ayrıca göstərilməli, daşların çəkisi isə karatla bildirilməlidir. İstehlakçıya təqdim edilən məlumatın doğru və dolğun olması vacibdir.