QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Binə qəsəbəsindəki 249 saylı körpələr evi-uşaq bağçası ilə bağlı şikayətçi Elnarə Rzayeva bir sıra iddialar irəli sürüb.

O, müəssisədə işçi kimi rəsmiləşdirilən, lakin əslində işə gəlməyən şəxslərin olduğunu deyib. Rzayevanın iddiasına görə, xaricdə yaşayan bir nəfərin adına da əməkhaqqı hesablanıb və həmin pul mənimsənilib.

Şikayətçi bildirib ki, Xətai rayonunda yerləşən bağçada 11 il tərbiyəçi işləyib və həmin müddətdə çoxsaylı özbaşınalıqlarla üzləşib. Onun sözlərinə görə, etdiyi müraciətlər nəticə verməyib.

Rzayeva bağçanın müdiri Qırqovul Fərəcovanı dövlət müəssisəsinə şəxsi mülkü kimi yanaşmaqda, uşaqlar üçün ayrılan vəsait və ərzaqları satmaqda, eləcə də müəssisəyə məxsus əşyaları mənimsəməkdə ittiham edib.

Şikayətçinin iddiasına əsasən, müdir qızını, həyat yoldaşını, bacılarını və gəlinini işçi kimi rəsmiləşdirib, lakin onların heç biri faktiki olaraq işə gəlməyib. Rzayeva həmin şəxslərin adına əməkhaqqı kartları açıldığını və kartlardakı pulların da müdir tərəfindən götürüldüyünü bildirib.