QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Donald Tramp administrasiyası Rusiyanı Ukrayna ilə müharibəni dayandırmağa həvəsləndirmək məqsədilə birgə biznes layihələrindən yararlanmaq planını açıqlama vermədən təxirə salıb.

“Financial Times”ın amerikalı rəsmilərə əsaslanan məlumatına görə, qərar Moskvanın energetika və aviasiya sahələrində təklif olunan layihələrə xüsusi maraq göstərməməsindən sonra verilib. Kuşner müharibədən sonrakı mümkün təşəbbüslər arasında ABŞ şirkətlərinin Rusiyada neft layihələrinə və titan istehsalına sərmayə qoymasını qeyd edib.

Rusiya rəsmiləri əvvəlcə ABŞ-nin təkliflərinə müsbət yanaşsalar da, sonradan maraqları azalıb.

Siyasi şərhçi Azər Qasımov bildirib ki, Tramp administrasiyası Putinə həddən artıq loyal münasibətin öz əleyhinə işlədiyini anlamağa başlayıb. Onun sözlərinə görə, Vaşinqton Putini danışıqlara gətirmək üçün müxtəlif üsullara əl atıb, lakin nəticə əldə etməyib.

Qasımov qeyd edib ki, Tramp bir tərəfdən Putinlə qarşıdurmadan onu danışıqlar masasına çəkməyə çalışıb, digər tərəfdən isə Ukraynaya təzyiq görüntüsü yaradaraq arxa planda dəstəyi davam etdirib. Silah-sursat Avropa vasitəsilə təmin edilsə də, kosmik və kəşfiyyat məlumatlarını birbaşa ABŞ verib.

Ekspertin fikrincə, Konqresə aralıq seçkilər ərəfəsində imzalanmış dizel anlaşması Rusiyada ABŞ üçün vacib ölkə olduğu təəssüratını yaratsa da, seçkidən sonra bu amil əhəmiyyətini itirib. O əlavə edib ki, Moskva artıq Vaşinqtonun oyun apardığını anlayır.

Qasımovun sözlərinə görə, Trampın hakimiyyətə gəlişindən sonrakı iki ildə Rusiyanın üzləşdiyi maddi və mənəvi zərər Bayden dövründəkindən çox olub. Putin Trampın xoş münasibətinin arxasında başqa planların olduğunu başa düşür və buna görə də Rusiya ABŞ-nin iqtisadi layihələrinə ciddi yanaşmır.

Şərhçi hesab edir ki, Moskva ABŞ-nin iqtisadi təşəbbüslərinin mahiyyətini dərk edib və Trampın istəyi olsa belə, sanksiyalardan kənara çıxa bilməyəcəyini anlayır. O, Rusiyanın işğalçılıq siyasətinin cəzasız qalacağı düşüncəsinə yenidən baxmalı olduğunu vurğulayıb. Qasımov bildirib ki, bu oyunda tərəfdarların da bəziləri artıq zərər çəkib, digərləri isə bundan yayınmaq üçün geri çəkilir.